AZ

“İran da, Rusiya da çalışır ki...” - Abbasəli Həsənov

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənovla hafta.az üçün budəfəki söhbətimizdə yenidən ABŞ prezidenti seçilmiş Donald Trampın İranla münasibətləri necə quracağı, İsrail-İran əlaqələrinə hansı təsir göstərəcəyi, həmçinin mənşəcə Azərbaycan türkü olan Məsud Pezeşkianın prezidentliyi dövründə İran-Azərbaycan münasibətlərində gözlənilən istiləşmənin baş verib-verməyəcəyi və s. haqda danışdıq.

-       İlk prezidentliyi dövründə, 2020-ci ilin əvvəlində general Qasım Süleymaninin qətlindən sonra başına “SEPAH” tərəfindən pul qoyulmuş, budəfəki seçkilərdə yenidən ABŞ prezidenti seçilmiş Donald Tramp İranla münasibətləri necə quracaq?

-       Öncə bir amili nəzərə almalıyıq ki, Tramp İrana, ümumiyyətlə, Yaxın Şərqə qəddar münasibət bəsləyir. Odur ki, Trampın prezident seçkilərində qələbəsi elan edilən gündən İranın yuxarı dairələrində bundan sonra nələr baş verə biləcəyi haqqında müzakirələr başlayıb. Burada iki siyasi fiqurun mövqeyinin üst-üstə düşməsi və hər ikisinin İrana qarşı amansız mövqe tutması vəziyyəti bir az da pisləşdirir. Söhbət Donald Tramp və İsrailin  hazırkı baş naziri Binyamin Netanyahudan gedir. Onların İranla bağlı mövqeləri üst-üstə düşür. Ona görə də həm İrandakı, həm də bir sıra beynəlxalq mətbu orqanlarında ABŞ-İran, İsrail-İran münasibətlərinin gələcəyi haqqında fikirlər yayılmağa başlanıb. Buna aid bir misal da çəkə bilirəm.

Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian öncə Bakıdakı “COP29” tədbirinə qatılacağını bildirsə də, sonradan bu səfər təxirə salındı. Bunun səbəbi barədə həm Azərbaycan, həm dünya mediasında müxtəlif fikirlər səsləndirildi. İran prezidenti guya Bakıdakı tədbirdə bəzi dövlətlərin iştirak etmədiyinə görə gəlmədi. Digər bir versiyaya görə, Pezeşkian guya  İsrail prezidentinin də COP29-a qatılacağı ehtimalı səbəbindən Azərbaycana gəlməyib. Gerçəklikdə əsl səbəb həmin vaxt İranın hər gün, hər saat, hər an İsrail tərəfindən hücuma qalması təhlükəsi idi. Hər şey ola bilərdi. İran rəhbərliyində hücumun dəqiq vaxtı, haraya və necə olacağı haqqında dürüst informasiya yox idi. Əvvəlki hallarda kəşfiyyat hərbi bazaların, strateji obyektlərin vurulacağı haqqında məlumat verirdi.  Bu dəfə isə qeyri-müəyyənlik idi. Eyni zamanda da böyük təhlükə mövcud idi...

Bəllidir ki, Trampın  gələn il 20 yanvardakı andiçmə mərasimindən sonra ABŞ-nin İranla bağlı hansısa addımı ola bilər. Yumşaq bir münasibət gözləmirəm. Bununla belə, Trampın dəst-xətti, xasiyyəti, İrana münasibəti bəllidir.  Həmçinin Trampın və Netanyahunun öncə dediyim kimi, mövqelərinin üst-üstə düşməsi, bilavasitə İrana qarşı təhlükəli addım atılacağı ehtimalını gücləndirir. Hazırda İranda bununla bağlı çox gərgin bir situasiya yaranıb...

-       Tramp konkret olaraq İsrail-İran münasibətlərinin tənzimlənməsinə yox, əksinə, gərginləşməsinə səbəb olacaq?

-       O, mütləq vəziyyəti daha da gərginləşdirəcək. Bu, onun ilk prezidentliyi dövründə məsələyə yanaşmasından da bəlli olur. Məsələn, Tramp o dövrdə Qüdsə gələrək həmin şəhəri İsrail paytaxtı elan etdi və ABŞ səfirliyini də oraya köçürtdü. Bu, kimin ağlına gələrdi. Bunu hansı Amerika prezidenti etmişdi? Əvvəlki prezidentlər üçün hər halda müəyyən beynəlxalq normalar, qanunlar vardı, ona əsaslanırdılar. Tramp üçün hansısa qanun, norma o qədər də əhəmiyyət daşımır. O, xasiyyətcə biznes adamıdır, hansısa qərar qəbul elədi, onu dərhal icra eləməlidir. Halbuki siyasət bambaşqadır. Tramp isə siyasətdən gəlməyib, o mətbəxi, həmin ab-havanı hiss etməyib. Ona görə də çox təəssüf ki, bölgədə xoşagəlməz hadisələrin daha da  artacağı gözlənilir...

-       Hər halda Tramp İsrailin Qəzzadakı müharibəsini durdurmağa çalışmayacaq, əksinə...

-       Təəssüf ki, öncə dediyim kimi, Tramp bir çox məsələlərdə qəddar mövqe tutan bir siyasətçidir. Rəqibi fürsət olan kimi vurmaq onun bariz xüsusiyyətlətindəndir. Qeyd etmək lazımdır ki, bu gün İran da, artıq tamamilə zəiflədilmiş “HƏMAS” da, “Hizbullah” da çox çətin durumdadırlar. Trampla İsrail Baş naziri Binyamin Netanyahunun  mövqeləri, xarakterləri üst-üstə düşdüyü üçün onlardan məntiqə sığışmayan addımlar gözləniləndir. Düzdür, İran rəhbərliyi bəyan etdi ki, “HƏMAS”, “Hizbullah”məğlub olmayıb. Necə məğlub olmayıb? Hər şey göz qabağında, ortadadır. Odur ki, Tramp hakimiyyətə gələn gündən yalnız İsrailin Qəzza və Livanda apardığı savaş deyil, bütün Yaxın Şərqdə və İrana münasibətdə vəziyyət daha da gərginləşəcək.

-       Xəbər verildiyi kimi, İran noyabrın 29-da 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək üçün danışıqlar aparacaq.  Görəsən,  2018-ci ildə ilk administrasiyası zamanı Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edərək həmin sazişdən çıxmış Trampın hakimiyyətə gəldikdən sonra bu məsələyə münasibətinin dəyişəcəyini gözləmək olarmı?

- Bəli, ilk prezidentliyi dövründə Tramp həmin nüvə sazişindən birtərəfli şəkildə çıxdı, ona görə də onun bu mövzuda İranla yenidən danışıqlara başlaması ağlabatan deyil. Bu məsələdə də müsbət tərəfə heş bir şey görünmür... 

 Siyasətdə, xüsusən də böyük siyasətdə belə bir prinsip var: vaxtilə buraxılmış səhvlərin nəticəsi gec-tez özünü büruzə verir. Əgər  hansısa dövlət rəhbərliyi digər bir dövlətə münasibətdə və yaxud daxili siyasətdə bir ciddi səhvə yol verirsə, nə vaxtsa bunun əziyyətini çəkməlidir. Müəyyən bir vaxt keçə bilər; az və ya çox, amma qayıdıb o səhvləri düzəltmək çox çətin olur, buna vaxt çatmır. Həmin səhvləri düzəltmək mövcud situasiyadan, bir çox məsələlərin gedişatından, əsas oyunçuların mövqeyi və şəxsiyyətlərdən asılı qalır. Məhz son 40-45 il ərzində Qərb ölkələrinə, o cümlədən Birləşmiş Ştatlarla münasibətlərdə yol verdiyi səhvlərə görə İran bir çox məsələlərdə, o cümlədən nüvə proqramı məsələsində böyük əziyyətlər çəkir. Deyərdim ki, son 70 il ərzində İran dövləti də, xalqı da həm daxili iqtisadi, siyasi problemləri, həm də beynəlxalq siyasəti ilə bağlı ən ağır günlərini yaşayır. Ona görə də heç olmasa, bundan sonrakı siyasətində rəsmi Tehran ölkənin taleyüklü məsələlərində ciddi səhvlərə yol verməməlidir...

-       Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Nyu-York Tayms”a müsahibəsində də bəyan etdi ki, İran Cənubi Qafqazda Rusiya ilə müttəfiq deyil. Bununla, sanki regionda Qərblə, ABŞ ilə əməkdaşlığa hazır olduğuna işarə etdi. Siz necə dəyərləndirirsiniz bu bəyanatı?

-       Öncə onu deyim ki, İranın hazırda Ermənistanda səfiri olan Mehdi Sübhanini yaxşı tanıyıram. Cavanlığından, lap gəncliyindən tanıyıram. Mən onu tanıyanda İran Xarici İşlər Nazirliyində çalışmağa başlamışdı. Onun mövqeyi elə həmişə indiki kimi ermənipərəst olub və təbii ki, Azərbaycana qarşı həmişə mənfi münasibət ifadə edib. 

Bəs sözügedən İran diplomatının Cənubi Qafqazda Rusiya-İran münasibətləri haqdakı bəyanatının arxasında əsas hansı fikir dayanır? Birincisi, İran da, Rusiya da Qərbin Qafqaza ayaq basmamasında maraqlıdırlar. Başqa sözlə, çalışırlar ki, bölgəyə təsir edən qüvvə yalnız İran və Rusiya olsun. İkincisi, Güney Qafqazı nə Rusiya, nə İran itirmək istəyir. Burada söz sahibi olmaq istəyirlər. O da sözsüzdür ki,  Güney Qafqazdakı müəyyən maraq toqquşmalarına rəğmən Rusiya-İran münasibətləri yaxındır. Bəs gerçəklikdə gələcək vəziyyət necə olacaq? Qərbin Qafqaza gəlişinin qarşısını almaq üçün bu iki ölkənin gücü varmı? Bütün gözlənilən proseslərə təsir göstərə biləcəklərmi? Məsələn, İsrailin və ya ABŞ ilə birgə İsrailin İrana qarşı mümkün müharibəsinin qarşısını ala biləcəklərmi? Bölgə üçün belə bir təhlükə isə reallıqda mövcuddur... Təəssüf ki, yaxşı bir şey görmürəm.

-       Söhbətimizin əvvəlində qeyd etdiyiniz kimi, İran Prezidenti Məsud Pezeşkian əvvəlcə Bakıda keçirilən COP29 tədbirinə gələcəyini bəyan etdi, sonra gəlmədi... Ümumiyyətlə, nədənsə Azərbaycan türkü olan prezidentin işə başlamasından sonrakı xeyli müddətdə də, bəzi sahələrdə əməkdaşlıq istisna olmaqla, Azərbaycan - İran münasibətlərində gözlənilən istiləşməni müşahidə etmirik.  Necə hesab edirsiniz, elə belə də davam edəcək, yoxsa nəsə müsbət dəyişikliklər gözlənilir?

-       Öncəki söhbətlərimizdə dediyimiz kimi, İran bizim üçün yalnız qonşu dövlət deyil, nəzərə almalıyıq ki, bu ölkənin əhalisinin 52 faizi, yəni təxminən, 48 milyona yaxın sakini Azərbaycan türkləridir. Onu da demək lazımdır ki, siyasətdə müxtəlif şəxsiyyətlərin də rolu olur. Son onilliklərdə İranda bir çox şəxslər hakimiyyətdə olub. Onların arasında Azərbaycana münasibəti müsbət olan çox insanlar görmüşük. Milliyyətindən asılı olmayaraq. Rəhbər vəzifələrdə olan farslar tanıyırdım ki, Azərbaycanla yaxşı münasibətlər qurulmasına çox səmimi və sədaqətlə kömək edirdilər... Bilirsiniz, siyasətdə müdrik insanlar var, bir də naşı insanlar. Müdrik siyasətçilər ölkəsinin siyasətini xalqının, dövlətinin maraqlarına uyğun elə tənzimləyir ki, tərəf müqabilinə ziyan gətirməsin və ortada hər iki ölkənin maraqlarına cavab verən, hər iki xalqın rifahına xidmət edən ikitərəfli, səmərəli əməkdaşlıq olsun. Belə müdrik siyasətçilər keçmişdə də var idi, bu gün də var...

Bütün hallrda inanmıram ki, cənab Pezeşkianın prezidentliyi dövründə İran-Azərbaycan münasibətləri mənfiyə doğru inkişaf etsin. İranda da artıq çoxları başa düşür ki, Azərbaycanla isti münasibətlər önəmlidir. Bəli, keçmişdə siyasətdə elə adamlar olub ki, məsələləri dərindən görə bilməyiblər. Ona görə də təəssüflər olsun ki, İran-Azərbaycan münasibətlərində bir müddət soyuqluq oldu. Azərbaycan səfirliyinə qarşı terror aktı və s. Bunlara rəğmən hadisələrin inkişafı göstərdi ki, Azərbaycan İranla hər cür əməkdaşlığa hazırdır. Azərbaycan Prezidenti də daim qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verir və elə layihələr irəli sürür ki, onların həyata keçirilməsi ölkələrin iqtisadi inkişafına, xalqların rifah halının yüksəlişinə müsbət təsir göstərir. Gürcüstanla, Rusiya ilə, Türkmənistan, Qazaxıstanla və s. ilə əlaqələr göz qabağındadır.  Təəssüf ki, İrandakı öncəki prezidentlər Azərbaycanla münasibətlərin qurulmasında, birgə layihələrin həyata keçirilməsində o qədər səmimi deyildilər. Odur ki, imkanlardan tam istifadə olunmurdu. Halbuki Azərbaycanla İran arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar vardı. Nəhayət,  Pezeşkianın bir Azərbaycan türkü olaraq İran prezidenti seçilməsi bu münasibətlərin tədricən istiləşməsinə çox müsbət təsir göstərdi. Dünyada və regiondakı bir sıra ziddiyyətli olaylar  prosesi bir az ləngitsə də, artıq demək olar ki, İran-Azərbaycan münasibətlərində ciddi bir istiləşmə getməkdədir. Buna bariz nümunə bu günlərdə keçirilmiş “SEPAH”, yəni İran İslam İnqilabı Keşikçiləri Korpusunun və Azərbaycan Quru Qoşunlarının xüsusi təyinatlılarının birgə  “Araz-2024” hərbi təlimləri oldu. Bundan öncə noyabrın əvvəlində isə Azərbaycan və İran İslam Respublikası ordularının Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimləri keçirildi.  Birgə təlimlərin özü əməkdaşlığın istiləşməsinə gözəl bir nümunədir. Odur ki,  bundan sonra da iki ölkə arasındakı münasibətlərin daha isti və yaxın olacağına böyük inam var.

Bütün bunları nəzərə alaraq arzu edək ki, İrana qarşı heç bir müharibə olmasın. Bölgədə sülhün, əmin-amanlığın olması digər ölkələr kimi Azərbaycan üçün də çox vacibdir. Yeni dünya düzəni qurulur və bu proses böyük, gəzlənilməz və amansız müharibələrdən keçməkdədir. Tanrı xalqlarımızı və dünyamızı qorusun!..

 

Seçilən
114
32
hafta.az

10Mənbələr