AZ

VƏTƏNƏ BAĞLI QƏHRƏMAN - Şəhid Elşad Əhədovun həyat yolu 

Birinci Qarabağ müharibəsində Vətən, torpaq naminə can qoyub şəhidlik zirvəsinə ucalan  Elşad Saday oğlu Əhədov  Masallının Təzə Alvadı kəndində boya-başa çatıb. Bu dünyada yaşamağı cəmi 25 il çəkdi. Qaldı ki, elə bir qəhrəmanlıq göstərdi ki, bununla ölməzliyə qovuşdu Elşad. İndi onun  şərəfli ömür yolu örnək olaraq dillərdən düşmür. Masallı camaatı hər yerdə, hər dəfə  öz qəhrəman oğlunun adını böyük qürurla, iftixarla çəkir.

Canında, qanında Vətən sevgisi olan Elşad   1982-ci ildə doğma kənd məktəbində  yeddinci sinfi bitirib  C. Naxçıvanski adına Hərbi liseyə daxil olub.  Burada təhsil aldığı illərdə  vətənpərvərliyi,  yüksək nizam-intizamı, seçdiyi peşəyə sonsuz sədaqəti   ona yalnız hörmət qazandırıb. Liseydən  sonra  hərbiçı sənətini daha mükəmməl  öyrənmək üçün  Ukrayna respublikasına gedib  və   Ali Komandirlər Məktəbində oxuyub.1989-cu ildə baş leytenant rütbəsi ilə Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilib.  Erməni dığalarının Qarabağımıza təcavüzü zamanı  Vətənin şərəfini qorumaq istəyi  gənc zabit bir müddətdən sonra doğma  Azərbaycana   gətirib.  Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib.

Qaldı ki, Qarabağda tez-tez yağ tərəfindən baş verən qanlı hadisələr Elşadı çox narahat edib. Vətənin belə bir ağır günündə o, öz yerini döyüşən cəbhə bölgəsində görüb. Gənc zabit  ilk  döyüşə  Füzuli rayonu ərazisindən başlayıb. Əlində silah daha sonra  Nərgiz təpə, Aşağı Veysəlli və Şiş qayda düşmənə layiqli cavab verib.  Beyləqanın müdafıəsində isə Elşad  sözün əsl mənasında tarix yazıb. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv olub. Göstərdiyi hünər  zabitləri, əsgərləri heyran qoyub.

 Elşad Əhədov öz rotası ilə növbəti döyüş əməliyyatına  11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyində girib.  Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradıblar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanıb. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmayıb. Həmin günü onun Vətən eşqli ürəyi əbədi dayanıb. Bununla əsl qəhrəman olduğunu  torpaq uğrunda axıtdığı qani ilə möhürləyib.

 Sinəsini Vətəni üçün sipər edən  Elşad Saday oğlu Əhədov ölümündən sonra  Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə  “Azərbaycan Bayrağı” ordeninə və 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.   Doğma Alvadı kəndində torpağa tapşırılan qəhrəmanın  adına  rayonda orta məktəb, parkı  vardır.  Bizə yadigar qoyduğu iki övladı da ataların adını həmişə uca tuturlar.

Zəfər ORUCOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Seçilən
167
1
hurriyyet.az

10Mənbələr