Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
Samir Şərifov kimdir?
Samir Rauf oğlu Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib və magistr dərəcəsi alıb.
1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində, o cümlədən Yəmən Xalq Demokratik Respublikasında iqtisadçı kimi fəaliyyət göstərib. 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri və idarə rəisinin müavini vəzifələrində çalışıb. 1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru və baş direktor olub. 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsini icra edib. 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri olub.
18 aprel 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.
Bu vəzifədə 2025-ci ilə qədər çalışıb.
Samir Şərifov həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor kimi fəaliyyət göstərir. 6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
Ailəlidir və üç övladı var.