Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin - hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib.
“Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, - deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.
General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.
Özünü qismən təqsirli bilən M.Əsgərov məhkəmədə deyib ki, 2020-ci ildə gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi təyin olunarkən Naxçıvan MR Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli onu qəbul edərək proqramdankənar rüsumların toplanması və ona çatdırılması barədə tapşırıq verib: “Şöbə rəisləri toplanan pulları sistemlə eyniləşdirmə aparılması üçün mənə gətirirdi. Mən də eyniləşdirmə başa çatandan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə verirdim. İdarə rəisi də komitə sədrinə çatdırırdı. Komitə sədri idarə rəisinə göstəriş vermişdi ki, gündəlik 5-10 maşın rəsmi proqrama daxil edilsin, qalan maşınlarsa qeyri-rəsmi proqrama işlənsin”.
M.Əsgərov vurğulayıb ki, toplanan pulun üstündən onun bir manat da götürməyə ixtiyarı yox idi, axı qeyri-rəsmi sistemi də səlahiyyətli şəxslərin hamısı, o cümlədən komitə sədri görür və hesabatlar təqdim olunurdu. Onun sözlərinə görə, işə başladığı vaxtdan davam edən prosesin iştirakçısı olub: “Dövlətin generalının verdiyi tapşırığı icra etmişəm. Sadəcə, şöbə rəisi olduğum iki il ərzində aylıq 3 min manat paket almışam”.