“Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub”.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı feysbuk səhifəsində yazıb.
Bildirilib ki, şagird davranış qaydalarının əhatə etdiyi müəssisələrin əhatə dairəsi genişləndiriləcək, daha çox məktəbdə bu qaydalar tətbiq ediləcək.
“Xüsusi hallar istisna olmaqla, ümumi təhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar və digər bu tip elektron cihazların istifadəsi isə tövsiyyə olunmur. Bu və bu kimi digər istiqamətlərdə mütəmadi olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən digər aidiyyəti qurumlarla da birlikdə məktəblərdə monitorinq və yoxlamalar aparılır, müvafiq profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir. Məktəb daxilində və məktəbdənkənar ərazilərdə davranış qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılır, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi aparılır”,- paylaşımda qeyd olunub.