AZ

Barış Alpər Yılmaz “Qalatasaray”ı xal itirməyə qoymadı - İCMAL

Tur üç qarşılaşma ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, “Samsunspor” turdan-tura 3-cü pillədəki mövqeyini gücləndirir. Komanda bu dəfə Kayseridə hesabına 3 xal yazdı. Autsayderlərdən olan “Hatayspor” evdə “Çaykur Rizəspor”a uduzmaqla növbəti uğrusuz oyununu keçirdi. Son 3 turda qələbəyə həsrət qalan “Beşiktaş”dan bu dəfə hər kəs qələbə gözləyirdi. Çünki “Tüpraş Stadionu”na debütant “Bodrum” təşrif buyurmuşdu. Əvvəlcə Ndur başla fərqlənərək “Beşiktaş”da 21-ci oyununda ilk qolunu vurdusa, çox keçmədən İmmobile Onur Bulutun əməyini yerə vurmadı. Amma qonaqlar həvəsdən düşməyərək ikinci hissədə irəli atıldılar. Matçın ən mübahisəli epizodu 63-cü dəqiqəyə təsadüf etdi. Cərimə meydançasındaki kobudluqdan sonra oyun davam etdi. Təxminən 2 dəqiqə sonra VAR hakimi oyunu saxlamağa və monitordan epizodun təkrarını izləməyə məcbur etdi. Amma hakim Mehmet Türkmən qəribə şəkildə inadkarlıq nümayiş etdirərək penalti təyin etmədi! Qonaqların gücü yalnız son anlarda fərqi minimuma endirməyə çatdı. “Beşiktaş” Sərdar Topraktəpənin başçılığı altında evdə ardıcıl 6-cı superliqa matçında məğlub olmadı (4 qələbə, 2 heç-heçə).

Bazar günü 4 oyun keçirildi. “Alanyaspor”la evdə 1:1 bərabərə qalan “Sivasspor” Ömər Ərdoğanın başçılığı altında 3-cü rəsmi oyunda da qalib gələ bilmədi. Komandanın superliqada qələbəsiz seriyası 7 oyuna çatdı. “Adana Dəmirspor”u minimal hesabla yenən “Qaziantep” isə evdə ardıcıl 9-cu rəsmi oyunda qalib gəldi! Həftəiçi kubokda “Alanyaspor”u 3:0 darmadağın edən “Trabzonspor” bu dəfə “Antalyaspor”a 5 cavabsız qol vurdu. Qaradənizlilər superliqa çərçivəsində ilk dəfə bu rəqibə 5 qol vurdular. “Antalyaspor”da yavaş-yavaş Aleks de Souzanın “kreslosu laxlamağa” başlayır. Günün və turun əsas oyunu Fatih Terimin adını daşıyan stadionda keçirildi. “İstanbul BŞ” həftəiçi kubokda böyük çətinliklə də olsa, “Cim-Bom”u səfərdə büdrətməyi bacarmışdı. Ona görə də “Fənərbaxça”lılar bu dəfə də liderin xal itirəcəyinə ümid bəsləyirdilər. Amma Çağdaş Atanın komandasının daha bir qəhrəmanlığa gücü çatmadı. Güclü yağış altında baş tutan oyuna Barış Alpər Yılmaz damğa vurdu. Türkiyə yığmasının üzvü fasilə ərəfəsində sol ayağı ilə topu qapıçının ayaqları arasından tora göndərdi. İkinci hissəyə meydan sahibləri qolla başladılar. Maraqlıdı ki, kubok matçında olduğu kimi, Pyontek yenə 53-cü dəqiqədə “Qalatasaray”a qol vurdu! Amma son çempionun dadına yenə Barış Alpər çatdı. Onun 59-cu dəqiqədə yenə sol ayağı ilə yaxın küncə vurduğu zərbə qüvvətli alınmasa da, qapıçı üçün gözlənilməz oldu. Özü də 24 yaşlı Barış superliqada ardıcıl 2-ci səfər oyununda dubl etməyi bacardı. “Qalatasaray”ın heyətində bu uğuru yaşayan sonuncu yerli futbolçu 2012-nin martında Necati Atəş olmuşdu. Qalan müddətdə praqmatik futbola üstünlük verən və qələbə hesabını qorumağı bacaran Okan Burukun komandası hesabına növbəti 3 xalı yazdı. Buruk “Qalatasaray”ın başına keçdiyi vaxtdan bəri komanda “İstanbul BŞ”yə qarşı superliqada xal itirməyib (5 oyun, 5 qələbə). “Cim-Bom” superliqada ardıcıl 17-ci (!) səfər oyununda qalib gəlməklə turnirin rekordunu bir qədər də yaxşılaşdırdı. Qeyd edək ki, bu mövsüm Avropanın ən güclü 10 çempionatında “Qalatasaray”dan başqa səfərdə xal itirməyən komanda yoxdu.

Tura iki qarşılaşma ilə yekun vuruldu. Bu mövsüm evdə uduzmayan ''Göztəpə'' ilə buna qədər səfərdə uduzmayan ''Kasımpaşa''nın dueli meydan sahiblərinin 5:0 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşdı. İzmir təmsilçisi avqustda ''Fənərbaxça'' ilə 2:2 oyandıqdan bu yana hələ də evdə xal itirməyib! ''Fənər'' isə Konya səfərində artıq 25-ci saniyədə qol buraxmaqla fanatlarını şoka saldı. Bu, ''sarı-lacivərdlilər''in superliqa tarixində buraxdığı ən erkən qol oldu! Amma Joze Mourinyonun komandası şokdan çox tez ayılaraq ardıcıl iki bənzər qol vurdu. Künc zərbələri zamanı əvvəlcə Mərt Müldür, sonra da Çağlar Söyüncü başla fərqləndi. Düzdü, inadkar ''Konyaspor'' fasiləyə qədər daha bir qol vurdu. Amma son 3 mövsümdə evdə ''Fənər''ə uduzmayan Konya təmsilçisi bu seriyanı davam etdirə bilmədi. Matçın taleyini ''Konyaspor''un qapıçısı Slovikin kobud səhvi həll etdi. Bir saatın tamamında onun yanlış ötürməsini ələ keçirən Tadiç bir rəqibindən sıyrılaraq yaxın küncü dəqiq nişan aldı. Serbiyalı ulduz bu mövsüm superliqada ən çox (15) qolda pay sahibi olan futbolçudu (8 qol, 7 məhsuldar ötürmə). Beləliklə, bu çətin zəfər sayəsində səfərdəki iki oyunluq qələbəsiz seriyaya son qoyan ''Fənər'' zirvədə xal fərqinin iki rəqəmli həddə çatmasına imkan vermədi.

19-cu tur
İstanbul BŞ – Qalatasaray 1:2

Pyontek, 53 – Barış Alpər Yılmaz, 42; 59.
İstanbul BŞ: Muhammed Şengezər, Həmzə Gürələr, Opoku, Lima, Onur Ərgün, Kemen (Pelkas, 89), Ömər Bəyaz (Ömər Əli Şahinər, 67), Davidson (Fiqeyredo, 67), Dəniz Türüc (Calo, 86), Keni, Pyontek.
Qalatasaray: Muslera, Kaan Ayhan, Sançes, Abdulkadir Bardakcı, Yakobs, Torreyra, Kərəm Dəmirbay (Şallai, 75), Yunus Akgün, Mertens (Berkan Kutlu, 83), Barış Alpər Yılmaz (Batşuayi, 90+2), Osimhen (Nelsson, 90+2).

Konyaspor - Fənərbaxça 2:3
Pedrinyo, 1. Kramer, 44 - Mərt Müldür, 14. Çağlar Söyüncü, 25. Tadiç, 60.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Çağlar Söyüncü, Ciku, Oğuz Aydın (Osayi-Samuel, 71), Fred, Şimanski (Mərt Hakan Yandaş, 90+5), Kostiç (Levent Mercan, 83), Tadiç (Yusuf Akçiçək, 90+4), Ceko, Ən-Nəsiri.

Beşiktaş – Bodrum 2:1
Ndur, 32. İmmobile, 40 – Puşkaş, 90+4.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Uduoxay, Zaynutdinov, Masuaku, Ndur, Fernandeş (Əl Musrati, 25), Rafa Silva (Salih Uçan, 89), Mario (Semih Kılıçsoy, 70), Muçi (Raşitsa, 61), İmmobile (Mustafa Həkimoğlu, 89).

Trabzonspor – Antalyaspor 5:0
Maleyro, 52; 64; 87. Banza, 21. Çam, 70.
Trabzonspor: Uğurcan Çakır, Maleyro (Əli Şahin Yılmaz, 88), Lundstram, Bataqov, Ərən Elmalı, Umut Günəş, Mendi, Visça (Barışiç, 86), Çam (Ozan Tufan, 74), Nvakaeme (Cihan Çanak, 86), Banza (Enis Destan, 74).

Kayserispor – Samsunspor 0:1
Muandilmaci, 1.

Qaziantep – Adana Dəmirspor 1:0
Okereke, 4.

Hatayspor – Çaykur Rizəspor 1:2
Butobba, 23 – Diak, 11-öz qapısına. Gezzal, 63.

Sivasspor – Alanyaspor 1:1
Koyta, 29 – Kordova, 56.

Göztəpə - Kasımpaşa 5:0
Tiyaniç, 7. Juan, 52. Romulo, 78. Uqo, 86. İsmayıl Köybaşı, 90+3.

1. Qalatasaray 18 16 2 0 51-21 50
2. Fənərbaxça 18 13 3 2 45-18 42
3. Samsunspor 18 11 3 4 32-18 36
4. Göztəpə 18 9 4 5 37-23 31
5. Eyüpspor 18 8 6 4 29-19 30
6. Beşiktaş 18 8 6 4 28-20 30
7. İstanbul BŞ 18 7 5 6 29-25 26
8. Qaziantep 18 7 4 7 25-26 25
9. Çaykur Rizəspor 18 7 3 8 19-27 24
10. Trabzonspor 18 5 7 6 30-24 22
11. Alanyaspor 18 5 7 6 19-21 22
12. Kasımpaşa 18 4 9 5 24-30 21
13. Antalyaspor 18 6 3 9 21-37 21
14. Konyaspor 18 5 5 8 21-28 20
15. Sivasspor 18 5 5 8 21-28 20
16. Kayserispor 18 3 7 8 17-34 16
17. Bodrum 18 4 3 11 14-25 15
18. Hatayspor 18 1 6 11 16-31 9
19. Adana Dəmirspor (-3) 18 2 2 14 15-38 5

Bombardirlər: Pyontek (İstanbul BŞ) – 13, Banza (Trabzonspor) – 12, Osimhen, Barış Alpər Yılmaz (hər ikisi “Qalatasaray”), Tiam (Eyüpspor), İmmobile (Beşiktaş) – 10.

Turun rəqəmi
51 – Okan Buruk “Qalatasaray”ı elə bir səviyyəyə çatdırıb ki, komanda hər tur rekordları qıraraq irəliləyir. Bu dəfə “Cim-Bom” 18-ci oyunu 50 xalla tamamlamaqla növbəti dəfə turnirin yeni rekordunu müəyyənləşdirdi. Əvvəlki rekord 2005/06-da 18-ci turu 48 xalla tamamlayan “Fənərbaxça”ya məxsus idi. Amma “Qalatasaray” tək xal yox, qol rekorduna da göz dikib. Komanda 18-ci oyunda vurduğu qolların sayını 51-ə yüksəltməklə turnirin tarixində özünə məxsus olan rekordu təkrarladı. İstanbul nəhəngi 1996/97-də, yəni Fatih Terimin ilk mövsümündə də 18-ci turu 51 qolla tamamlamışdı.

Turun ulduzu
Pedro Maleyro (Trabzonspor) – 23 yaşlı portuqaliyalı müdafiəçi son ev oyunlarında xarüqələr yaradır. 17-ci turda evdə “Bodrum”a qarşı matçda 86-cı dəqiqədə fərqlənməklə “Trabzonspor”a qələbə qazandıran Maleyro bu dəfə het-trik etdi! Halbuki buna qədər o, peşəkar karyerasında cəmi 3 qol vurmuşdu. Maraq üçün bildirək ki, trabzonluların heyətində superliqada het-trik edən son müdafiəçi 2009-cu ilin sentyabrında “İstanbul BŞ” ilə oyunda Egemən Korkmaz olmuşdu.

Turun sitatı
[/b]Volkan Dəmirəl, “Bodrum”un baş məşqçisi:
“Oyun davam edərkən hakimin oyunu dayandırıb VAR-a dəvət olunmasının ardından penalti təyin etməməsinin ilk dəfə şahidi oldum. Görünür, biz təkcə meydanda yox, meydandan kənarda da mübarizə aparmalıyıq. Təkcə əcnəbi VAR hakimlərinin dəvət olunması ilə futbolumuz düzəlməyəcək. Hakimlərin dəyişməsi ilə də düzəlməyəcək. Türkiyə futbolunda düzəlməli olan başqa şeylər var. Amma biz bunu görmürük”.


[b]Oyundan sonra
Halim Okta, “Beşiktaş”ın məşqçisi:
“Qalib gəldiyimiz üçün sevincliyik. İlk yarıda istədiklərimizi həyata keçirərək topa çox yaxşı nəzarət etdik. Cinahlardan əla yararlandıq. Bunun sayəsində iki topluq üstünlük yaxaladıq. Amma fasilədən sonra bu baxımdan müəyyən problemlər yaşadıq. Müdafiədən hücuma çıxmaqla bağlı çətinlik çəkdik və topu rəqibə verməli olduq. Səhvlərimizi görürük və belə məqamların üzərində daha çox işləməliyik. Yenə də sadə epizodlarda, ötürmələrdə səhvlərimiz davam etdi. Bu itirilən toplardan sonra qapımız önündə təhlükəli vəziyyətlər yaranırdı. Bu qələbəyə ehtiyacımız böyük idi. Ümid edirəm ki, bu 3 xalın verdiyi ruh yüksəkliyi ilə digər matçlarda daha yaxşı oynayacağıq”.


Çağdaş Atan, “İstanbul BŞ”nin baş məşqçisi:
“Əla oynadıq. Oyunçularımla qürur duyuram. Amma uduzduğumuz üçün bir qədər qarışıq hisslər yaşayıram. Barış Alpər Yılmaz hər iki qolu işlək olmayan sol ayağı ilə vurdu. Bu da bizim üçün şanssızlıq oldu. “Qalatasaray”a qarşı bundan daha yaxşı oynaya bilməzdik. Yeganə üzüntüm nəticə ilə bağlıdı. Şübhəli epizodları hər kəs gördü. “Qalatasaray”ın ikinci qolu qeydə alınmaya da bilərdi. Çünki hücumun əvvəlində top Osimhenin əlinə dəymişdi. Torreyra ilə Şallaiyə də ikinci sarı vərəqə göstərmək olardı. Çox incə detallar üzündən məğlub olduq. Amma belə bəhanələrin arxasında sığınmaq istəmirəm. Hər həftə hakimlik haqda danışmağa nə gücüm var, nə də vaxtım. Bizim büdcəmiz 15-20 milyon avrodu. Hədəfimiz İstanbul nəhənglərindən heç olmasa, birini qabaqlamaq və ya ilk “4-lüy”ə düşməkdi. Nəhənglərin büdcəsi bizimkindən qat-qat böyükdü. Bu üzdən çempionluq uğrunda mübarizə apara bilmirik”.


Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Çətin şərtlər altında oynadıq. Hava soyuq və yağışlı idi. Bu məqam oyunun axarına təsir etdi. Hər iki komanda uzun ötürmələrlə oynamağa çalışdı. Halbuki hər iki komanda topla oynamağı xoşlayır. Hesabı 2:0 etmək üçün fürsətlərimiz var idi. Əvəzində 1:1 oldu. Amma yenə də hücumlarımızı davam etdirib 2-ci qolu vurduq. Son bölümdə həm futbolçuların mövqeyində, həm də sistemdə bəzi dəyişikliklər etdik. Hesabı qorumağa çalışdıq. Final fitinə qədər oyun istədiyimiz kimi getdi. O qədər də maraqlı oyun olmadı. Amma günün sonunda qalib gəldik və əsas olan da məhz budu. Təbii ki, biz hər oyuna qələbə üçün çıxırıq. Futbolçuların qarşısına bu cür hədəf qoyulub. Alınıb-alınmayacağı artıq başqa söhbətin mövzusudu. Hər oyunun öz hekayəsi olur. “Kasımpaşa” ilə matç 3:0-dan 3:3-ə gəlmişdi. Yəni belə bərabərliklər də olur. Bəzən böyük üstünlüyə malik olub qalib gələ bilmirsən. Bəzən isə bugünkü kimi çətin qələbələr qazanırsan. İkinci dövrədə artıq bütün oyunlar final xarakteri daşıyacaq. Xal fərqinə fikir verməməyə çalışırıq. 3 xallıq sistemdə hər şey mümkündü. Ona görə də eyni ciddiyyət və konsentrasiya ilə yolumuza davam edəcəyik”.
Seçilən
35
5
football-plus.az

10Mənbələr