Xəbər verdiyimiz kimi, “Sevil” operasından “Dilbərin ariyası”nı ifa edən müğənni Vəfa Şərifova “Rəngarəng” verilişində opera ifaçılarından təşəkkür gözlədiyini bildirib.
Müğənninin sözlərinə görə, məhz bu ifadan sonra hansısa bir ariya sosial şəbəkələrdə viral olub:
“Mən ariya oxuyanlardan təşəkkür gözləyirdim. Amma qınaq eşitdim, bilmirəm niyə? Məncə, mənə təşəkkür etməliydilər. Çünki “TikTok”-da bu günə qədər bir dənə ariya qabağınıza çıxmışdı? “İnstagram”-da, “TikTok”-da bu qədər danışılmışdı? Amma bu gün danışılır. Neçə ildir verilişiniz gedir, ariya oxuyanlardan danışmışdınız? “Dilbərin ariyası” bu günə qədər səslənmişdi, səslənməmişdi?
Bu gün burda səslənir. Neçə verilişdi bu haqda danışılır. “Dilbərin ariyası”nı, sırf mənim paylaşdığım hissəni bu gün çox insan əzbər bilir. Hələ “YouTube”-a qoyulmayıb, təkcə “TikTok”-a qoyulub və bu qədər böyük kütlə tərəfindən dinlənilib”.
Onun bu fikri müzakirə yaradıb.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov bildirib ki, Vəfanın “Dilbərin ariyası”nı oxumasında bir qəbahət görmür.
Samir Cəfərovin sözlərinə görə, əsas ümumi formada obrazı çatdırıb:
“Siz deyəndən sonra dinlədim. Klassik əsərə müraciət edib. Düzdü]r, onu sopranolar, opera müğənniləri oxuyur. Estrada müğənnilərinin oxumağında isə bir qəbahət görmürəm.
Pis mahnıya müraciət etməyib ki? Yaxşı alınıb. Niyə də olmasın? İstedadlı estrada ifaçısıdır. Sözünü deyib, tanınan bir insandır. Bəzi nüanslar var, onları etməyib. Amma ümumi formada obrazı çatdırıb”.
Xalq artisti qeyd edib ki, yaxşı musiqilər ifa olunmalı, kənarda qalmamalıdır:
“Əsas musiqini tanımayanlara da tanıtdırıb. Özü tələbəm olub, istedadlıdır. Klassik mahnılarımızı, Tofiq Quliyev, Cahangir Cahangirovun mahnılarını oxuyub. “Dilbərin ariyası”nı oxumağı da pis deyil. Təqdirəlayiqdir.
O vaxt Flora Kərimova oxumuşdu, sonra Aygün Zeynalova oxudu. Sonra deyəsən, heç kim oxumayıb. Gündəmdə olmağı yaxşıdır. Fikrət Əmirovun “Sevil” operasındandır. Mən də bugünlərdə oxudum. Belə musiqilərə müraciət etmələri yaxşıdır, dəstəkləyirəm”.
O bildirib ki, professionallar hərəsi bir söz deyəcək:
“Amma təşəkkür etmək məsələsinə gəlincə, qoy ona xalq təşəkkür etsin. Professional musiqiçilər onsuz da bir mız qoyacaq, hərəsi bir söz deyəcək. Ona görə də öz işi ilə məşğul olsun. Ona uğurlar arzu edirəm.
Sadəcə o sözü deməsin ki, mənə təşəkkür etsinlər. Bu, yaxşı hal deyil. Sən öz işini gör, kim bəyənəcək, onsuz da deyəcək. Çünki belə deyəndə onlar mütləq orda nələrsə tapacaq”.