Ağsuda silahlı narkokuryerlər saxlanılıb. AzPost xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.
Onlara məxsus avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb.
Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkokuryerlər əleyhinə qarşı tədbirlər keçirib. Əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Vəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şəxsdən 5 kiloqram marixuana və metamfetamin götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.