AZ

Autizm sindromlu uşağın anası olmaq həyatın sınaqları və ümidin gücü deməkdir

Mən, autizm sindromlu uşağın anası olaraq, bu sətirləri yazmaq istəyirəm ki, digər valideynlər də özlərini tək hiss etməsinlər. Həyat mənə öyrətdi ki, fərqli olmaq bir çətinlik deyil, fərqli düşünmək və hiss etməkdir. Oğlum Əli ilə bu yolu gedərkən bir çox çətinliklər yaşadım, ancaq hər çətinliyin içində bir işıq olduğunu da anladım.
Autizm bir uşağın həyatına və ailəsinə fərqli bir baxış bucağı gətirir. Çünki bu, yalnız bir diaqnoz deyil, gündəlik həyatda rast gəldiyimiz hər kiçik detalla yeni bir reallıqdır. Oğlumun gözlərinə baxanda fərqli bir dünyanı görürəm – öz qaydaları, öz rəngləri və öz sükutu olan bir dünya.

Autizm Sindromu Nədir və Valideynlər Necə Dəstək Ola Bilər?

Autizm sindromu nevroloji inkişaf pozuntusudur və sosial ünsiyyət, davranış və duyğuların idarə edilməsində fərqliliklərlə müşahidə olunur. Hər bir valideyn üçün bu diaqnozu qəbul etmək çətindir, lakin əmin olun ki, düzgün yanaşma və sevgi ilə hər bir maneəni aşmaq mümkündür.
Autizm spektr pozuntusu aşağıdakı əsas əlamətlərlə özünü göstərir:
    1.    Sosial Ünsiyyətdə Çətinliklər:
    •    Göz kontaktından qaçınma
    •    Adına səslənildikdə reaksiya verməmə
    •    Yaşıdları ilə ünsiyyətdən çəkinmə
    •    Duyğuları ifadə etməkdə çətinlik
    2.    Nitq və Ünsiyyət Problemləri:
    •    Gecikmiş nitq inkişafı və ya danışmama
    •    Eyni söz və ifadələrin təkrarlanması (ekolaliya)
    •    Qarşılıqlı ünsiyyətdə çətinlik
    3.    Davranış və Maraqlarda Məhdudiyyətlər:
    •    Təkrarlanan hərəkətlər (əl çırpmaq, fırlanmaq)
    •    Rutinin dəyişməsinə qarşı həddindən artıq həssaslıq
    •    Məhdud və qeyri-adi maraq sahələri
    4.    Sensor Həssaslıq:
    •    Səs, işıq və toxunuşa həddindən artıq həssaslıq və ya reaksiya verməmə
    •    Bəzi qidalara və materiallara qarşı həssaslıq.

Autizm sindromlu uşaqlar üçün valideynlər nə edə bilər?
    •    Qəbul edin və anlayın: Uşağınız sizdən fərqli düşünə bilər, lakin onun dünyasını anlamağa çalışın.
    •    Gündəlik rutini qoruyun: Onların stabil bir mühitə ehtiyacı var, gündəlik həyatlarında dəyişikliklər çətin ola bilər.
    •    Kiçik nailiyyətləri qeyd edin: Hər bir kiçik inkişaf addımı böyük bir qələbədir.
    •    Mütəxəssislərlə əməkdaşlıq edin: Terapiya və xüsusi təhsil proqramları uşağın bacarıqlarını inkişaf etdirmək üçün əvəzolunmazdır.

Autizm Sindromlu Uşaq Anası Olaraq Yaşadığım Çətinliklər

Bəzən yorğun, bəzən gücsüz hiss edirəm, ancaq bir ana kimi heç vaxt ümidimi itirmirəm. Cəmiyyətin anlaşılmazlığı, çətinliklərə qarşı mübarizə, sosial məhdudiyyətlər – bunların hər biri bu yolun bir parçasıdır. Amma zamanla öyrəndim ki, Əli mənim ən böyük müəllimimdir. O, mənə səbr etməyi, hər şeyi fərqli görməyi və kiçik şeylərdən xoşbəxt olmağı öyrətdi.

Digər Analara Müraciətim budur ki, tək deyilsiniz!
Əziz analar, bilirsinizmi, bu yolda nə qədər çətinliklər olsa da, sevgi və inam hər şeyin açarıdır. Autizm bir maneə deyil, fərqli bir həyat tərzidir. Çətin anlarda özünüzə vaxt ayırın, dəstək qruplarına qoşulun və digər analarla təcrübə paylaşın.
Bilin ki, biz birlikdə güclüyük və hər bir uşaq dəyərlidir. Onların parıltısını görmək üçün sadəcə fərqli bir baxış bucağı lazımdır.
Unutmayın: “Uşağınızın fərqliliyi onun gücüdür. Ona inanın və ona dəstək olun!”
Mən Fidan Bağırova, autizm sindromlu 15 yaşlı oğlum Əli Bağırovun anası olaraq sizə deyirəm ki, bu yol çətin olsa da, sevgi, səbr və anlayışla hər şey mümkündür.

 

Fidan Bağırova

Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzinin Rəhbəri və “Vətən Naminə” İB Uşaq və Gənclər üzrə Şöbə Müdiri

Seçilən
24
6
qht.az

10Mənbələr