AZ

Rəsmi taksi sürücülüyünə qəbul universitetlərə qəbuldan çətindir- narazılıq artır...

Image

"Bu, sürücüləri istismar etmək üçün qurulan "qumar" oyunudur"

Əgər fərqindəsinizsə, 1 il əvvəl Bakı şəhəri daxilində ən uzun taksi səfərlərinin qiyməti 6-8 manat təşkil edirdi. Hazırda isə bu məbləğlə cəmi 6-7 kilometrlik səfərləri reallaşdırmaq olar. Ən qısa səfərlər belə azı 3 manat qarşılığında reallaşdırılır. Artıq 1-2 manatlıq səfərlər yoxdur, mininmum səfər qiyməti 2,5 manatdan başlayır. 

Ötən 1 il boyu hökumət taksilərin ucuz olmasından çox narahat idi. Amma bu narahatlığın məntiqli səbəbini heç kim ortaya qoya bilmədi. Hətta Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bu narahatlığı ötən ilin may ayında parlamentdə ifadə etdi: “Taksilərin gedişhaqlarında ölkədən-ölkəyə fərq var. Təbii ki, bu həmin ölkənin həyat tərzindən asılıdır. Aparıcı ölkələrdə taksi qiymətləri, həqiqətən, bizdən qat-qat bahadır. Avropa, Amerika, Yaponiya, Cənubi Koreya... Adlarını deməyəcəm, bəzi ölkələrdə isə taksi sürücüləri sərnişini 10 dəqiqəlik yol əvəzinə, yarım saatlıq yolla aparırlar. Nəticədə, sərnişinin üçqat artıq xərci çıxır. Özüm də bunun şahidi olmuşam. Orta inkişaf səviyyəsi olan ölkələrə baxsaq, görərik ki, taksi qiymətləri bizdə onlardan kifayət qədər ucuzdur”.

Budur, artıq hökumətin apardığı bir illik islahatlar nəticəsində taksi xidmətinin qiyməti ən azı 40% bahalaşıb. Bəs bu bahalaşma konkret nəyin nəticəsidir?

Birincisi, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin ödədikləri vergi, qeydiyyat, şəhadətnamə, buraxılış, avtomobillərin qanuna uygun avadanlıqlarla təhcizatı və s. xərclər bir il ərzində bir neçə dəfə artıb. Digər tərəfdən, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülərin xərcləri dəfələrlə artıb. Əvvəl taksi fəaliyyəti ilə məşğul olmaq istəyən  vətəndaş 16 manatlıq icazə vərəqəsi və sürücülük vəsiqəsi ilə işə başlaya bilərdi. İndi isə sürücü 178 manat ödəyib Dövlət İmtahan Mərkəzində imtahan verməli və 70 manat verib buraxılış vərəqi almalıdır. Yəni əvvəllər sürücüluk vəsiqəsinə malik olan vətəndaşlarımız cəmi 16 manat xərc cəkməklə fəaliyyətə başlaya bilərdisə, indi bunun üçün sürücülər ən azı 248 manat xərc çəkməlidirlər. Yəni xərclər 9.25 dəfə, başqa sözlə desək, 925% artıb. Taksi qiymətlərinin bahalaşmasının əsas səbəbi hələ bu da deyil.

Ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir. Bəs bugünə kimi neçə nəfər bu imtahanlarda iştirak edib, nə qədər sürücü müvəffəqiyyət qazanıb?

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə mətbuata açıqlamasında bildirib ki, taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bugünə kimi 6 678 nəfər imtahanda iştirak edib: “Onlardan 5 983 nəfəri uğur qazanıb və şəhadətnamə alıb. Bugünə olan məlumata əsasən, bundan sonra, bu gün də daxil olmaqla, 5 444 nəfər üçün imtahan keçirilməsi nəzərdə tutulub”, - o qeyd edib.

Buyurun, hələ biz onu demirik ki, 695 nəfər sürücünün ödədiyi 278 manat batıb. Bu da məsələyə təsir edən amillərdəndir. Çünki sürücülərin böyük əksəriyyəti savadsızdır, uğursuz nəticələri görüb imtahan verməkdən daşınanlar da az deyil. Sürücü savadlı olsaydı gedib universitetə qəbul olardı, sürücü olmazdı. İmtahanda iştirak edən sürücülər deyir, elə məntiq sualları salınıb ki, ali təhsilli insanlar belə o sualların qarşısında aciz qalır.

Bir il əvvəl Bakı şəhərində 67 min taksi fəaliyyət göstərirdi. Hazırda taksilərin sayı təxminən 45 minə enib. Onlardan da cəmi 6 mini qanuni əsaslarla fəaliyyət göstərir - bunlar imtahandan müvəffəqiyyətlə keçən sürücülərdir. Qalan 39 min taksi sürücüsu hazırki qanuna görə qeyri-qanuni fəaliyyət göstərir. Əsas səbəb də məhz paytaxtda taksilərin azalmasıdır. Tələbat çox, təklif isə azdır. Səhər-axsam pik saatlarında Uber, Bolt və Yango şirkətləri hər kilometrə görə 2 manat ödəniş tələb edir. Yəni 3 kilometr məsafə qət edirsənsə, ödəniş 6 manat təşkil edəcək.

Hələ bu azmış kimi, taksi şırkətləri də sürücüləri qul əməyı şəraitində çalışdırır.

Həmsöhbətimiz olan taksi sürücüsu Mahir Abbaszadə deyir ki, öz maşınınla taksi fəaliyyəti ilə məşğul olursansa, gündəlik qazancının 12%-i partnyor parka, 25%-ni şirkətə köçürürsən, 25%-i isə yanacağa xərcləyirsən: "Yəni 100 manat gəlirin olursa onun 38 manatı sənə qalır. Onun da 15 manatını gündəlik amortizasiyaya çıxırsan, sürücüyə qalan 23 manat olur. Səhər saat 7.00-dan axsam 21.00-a qədər maşın qovursan ki, 23  manat evə çörək pulu aparasan. Siqaret çəkənlər daha az pul aparır evə, çünki 3-5 manat da siqaretə, suya xərcləyir. Əgər maşını şirkətdən götürürsənsə, həftənin 7 günü ərzində 150 səfər reallaşdırmalısan ki, şirkət sənə ayda 600 manat əmək haqqı versin. Əgər həftə ərzində 149 səfər etdinsə, bir səfər çatmadısa, həmin həftə şirkət sürücüyə əmək haqqı ödəmir. Bu ədalətsizlikdir. Biri 150 səfər reallaşdırıbsa, ona uyğun, digəri isə 130 səfər reallaşdırıbsa, ona uyğun maaş almalıdur. Bu, sürücüləri istismar etmək üçün qurulan qumar  oyunudu".

Taksi sayının azalmasına həm də avtomobillərin istehsal tarixinə qoyulan tələblər təsir edir. Bu ildən yalnız 13 il əvvəl istehsal tarixi olan avtomobillərlə taksi fəaliyyəti göstərmək olar.

Yuxarıda qeyd etdiyimiz kimi, hökumətin taksi fəaliyyətindəki bir illik siyasəti, qanun və qaydalara etdiyi dəyişikliklər həm taksi fəaliyyətinin xərclərini bir neçə dəfə çoxaldıb, həm də qanuni taksi fəaliyyəti ilə məşğul olanların sayını azaldıb. Nəticədə taksi bazarında tələb təklifi üstələyib. Yəni bazarda taksiyə tələbatı olanlar çox, taksilərin isə sayı azdır. Bu da, sözsüz ki, taksi xidmətlərinin qiymətinin bahalaşmasına gətirib çıxarıb. Hökumətin məqsədi bu idisə, onları təbrik etmək olar, hədəfi onluğa vurublar.

Akif NƏSİRLİ





Seçilən
14
13
baki-xeber.com

10Mənbələr