AZ

Restoran və kafelərdə adı olub, özü olmayan "UŞAQ MENYULARI": Hansı zərərləri var?

Restoran və kafelərdə adı olub, özü olmayan "UŞAQ MENYULARI":

Evdə övladımızın sağlam qidalanmasına nə qədər diqqət yetirməyə çalışsaq da, restoranlarda eyni vəziyyət olmur. Hansı restorana ayaq basırsan "uşaq menyusu" adı ilə necə deyərlər, "böyük menyusu" təklif edirlər. Adı uşaq menyusudur, amma təəssüf ki, içi yox... Təklif etdikləri uşaq menyular da adətən qızardılmış, işlənmiş və zərərli qidalardan ibarət olur. Pizzadırsa, üzəri sanki sosiskalarla bəzədilib. Axı bilirik ki, sosiska, qızartma və fast food tipli yeməklər uşaqların sağlam qidalanmasına uyğun deyil. Restoranlar balanslı və qidalı seçimlər təklif etmədikcə, valideynlər üçün sağlam seçim etmək qəliz məsələyə çevrilir. Mövzu ilə bağlı sualımızı bu işin mütəxəssisinə yönəltdik.

Emlakbazari.az

Məsələ ilə bağlı E-saglam.az-a açıqlama verən qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirdi ki, bir valideyn olaraq yəqin ki, hamı övladının yaxşılığı, sağlamlığı və gələcəyi üçün hər zaman əlindən gələni edir. Bəzən isə bildiyimizə görə, ya da əhəmiyyət vermədən övladımızın birbaşa sağlamlığına mənfi təsir edə biləcək şeyləri edirik: "Məsələn, sözümüzə qulaq assın deyə, istədiyimizi etdirmək üçün bilmədən uşaqda qeyri-sağlam qidalanma vərdişləri yaradırıq və təəssüf ki, bu sonradan həm uşağa, həm də bizə çox baha başa gəlir". 

Onun sözlərinə görə, uşaqlarda yalnış qidalanma vərdişləri, qidadan asılılıq, piylənmə, daha ciddi sağlamlıq problemləri, istədiyi olmadığı üçün ağlama, qışqırma, kobud hərəkətlər və s. kimi problemlər yaranır. Biz də qalırıq çıxılmaz vəziyyətdə!

F. Səfərov bildirib ki, təəssüf ki, əksər evlərdə, uşaqların gedə biləcəyi restoranlarda bu qaydalara demək olar ki, riayət edilmir: "Sağlamlıq üçün heç bir faydası olmayan növbənöv fast food qidalar, qızartmalar, şəkərli, qazlı içkilər, uşaq üçün cəlbedici şəkildə hazırlanan hər cür şirniyyatlar, hər cür paketli hazır qidalar demək olar ki, hər bir menyuda var. Hələ ki, evdə ata-ana bu cür qidalanırsa təbii ki, uşaq da bunu istəyəcək, hətta bu cür qidalardan ötrü ağlayacaq, küsəcək.

Bəs nə etmək olar? Bu vəziyyətdən çıxış yolu varmı? 

Burada əsas məsuliyyət təbii ki, valideynin üzərinə düşür.

İlk olaraq evdə sağlam qidalanma vərdişləri yaratmalıyıq, biz özümüz nümunə olmalıyıq. Daha sonra isə övladımıza öyrətməliyik, təbliğ etməliyik".

Qida mühəndisi onu da qeyd edib ki, uşaqların sağlamlığı üçün düzgün və balanslaşdırılmış qidalanma rejimi yaratmaq lazımdır:

"Bol protein, yağ, karbohidratla zəngin qidalar - ət, yumurta, süd, balıq, meyvələr, tərəvəzlər, müxtəlif quru meyvə və çərəzlər, paxlalılar və sudan ibarət zəngin və sağlam bir menyu yaratmaq lazımdır. Körpəliyindən etibarən bu qidaları uşaqlara vermək və sevdirmək lazımdır, çünki övladımızın qida vərdişini və zövqünü biz formalaşdırırıq. 

Ayda bir dəfə "fast food günü" etmək olar, çox kiçik porsiya ilə. Hətta bir müddətdən sonra uşağın bu cür qidalara heç marağının olmadığını da görəcəksiniz". 

F.Səfərov digər bir vacib məqamı da vurğulayıb:

"Biz bəlkə də restoranların menyularında dəyişiklik edə bilmərik, amma hər bir halda sağlam uşaq menyusu da yaratmaq olar. Gündəlik qidalanma üçün lazım olan hər bir qidanı özündə birləşdirən, uşaqlar üçün də əyləncəli və "dadlı" olan menyular tərtib oluna bilər, bunun üçün də bu işi bilən insanlar cəlb olunmalı, bu işə diqqətlə yanaşılmalıdır. 

Övladımız sağlam olsun deyə onu hər şeydən məhrum etmək, ona qadağalar qoymaq, az yeyərək ac qalmağına, böyüməkdə və inkişafda olan orqanizminin zəif düşməsinə, geri qalmasına imkan vermək olmaz. Uşaqlar çox enerjilidirlər və onları yetərincə enerji ilə təmin etmək, sağlam qidaları onlara sevdirmək, uşağa sevgi ilə yanaşmaq, istək və seçimlərinə də hörmət etmək lazımdır".

Restoranlardakı uşaq menyuları ilə bağlı bir neçə nümunə fotonu təqdim edirik:

 

Könül Oruc

E-saglam.az


Seçilən
13
29
e-saglam.az

10Mənbələr