"Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Azərbaycan xalqının gənclərə inamı 44 gün davam edən İkinci Qarabağ döyüşündə Zəfər salnaməmizlə təsdiqləndi. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad edən Azərbaycan Ordusu sıralarında mətinlik göstərən gənclərimizin sayəsində ərazilərimiz əsl sahiblərinə qaytarıldı. Ən çətin məqamlarda, hərbi əməliyyatlarda düşmənə öldürücü zərbə vuran, keçilməz istehkamları məharətlə yaran əsgər və zabitlərimiz torpaqlarımızı canları, qanları bahasına düşməndən azad etdilər. Bir gün də olsun geri çəkilmədilər. "Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədi" sözləri ilə gənclərin döyüş ruhunun tükənməzliyini bildirən Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizə Milli Qəhraman adının verilməsi, müxtəlif orden və medallarla təltif olunmaları, onlara xüsusi imtiyazların verilməsi, mənzil-məişət şaraitlərinin yaxşılaşdırılması gənc nəslə diqqət və qayğının əyani təzahürüdür. Dövlətimizin başçısının böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz haqlı olaraq gənclərimizlə fəxr edirik. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Azərbaycan gəncinin yeniliyə, təkmilləşməyə göstərdiyi maraq bu gün azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərinə göstərdikləri dəstəkdə də özünün aydın ifadəsini tapır. Gələcəyimiz olan gənclər əldə etdikləri uğurlara, potensial imkanlarına söykənərək daim yeni-yeni hədəflərə doğru inamla addımlayırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31