Bu ilin ikinci yarımilliyindən ürək-damar sistemi xəstəlikləri üçün dərmanların icbari tibbi sığortaya daxil edilməsi planlaşdırılır.
Xezerxeber.az-ın xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub.
Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq.
Eyni zamanda o da bildirilib ki, İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Vətəndaşlar elektron resept ilə Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcəklər.
Agentliyin mətbuat katibi Leyla Lətifovanın sözlərinə görə, dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub. Həmçinin o qeyd edib ki növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.