AZ

Azadlıq illüziyası: Yeniyetmələri evdən qaçmağa sövq edən səbəblər

Son günlər Ağcabədi rayonunda 13 yaşlı qızın 23 yaşlı oğlandan hamilə olması, eyni zamanda, yeniyetmə  3 qızın evdən qaçması barədə xəbərlər yayılıb. Bəs yeniyetmə qızlar  arasında bu kimi halların baş verməsinə səbəb nədir?  Sosial-iqtisadi vəziyyətin, təhsil səviyyəsinin və ailədaxili münasibətlərin bu məsələdə rolu varmı? 
Bu barədə Moderator.az-a danışan sosioloq Lalə Mehralı deyir ki, son vaxtlar qızların daha çox evdən qaçmasının şahidi oluruq. Bu hadisələr göstərir ki, regionlardan qaçan yeniyetmələrin əksəriyyəti son dayanacaq kimi paytaxt Bakıya üz tuturlar:
“Bu günə qədər Bakıdan qaçıb hansısa regionda tək yaşamağa çalışan bir yeniyetmə görmədim. Bütün hallarda yeniyetmə qızlar  regionlardan, bölgələrdən qaçıb, paytaxta gəlirlər. Bəs bunun səbəbi nədir? Yeniyetmələr, xüsusilə regionlarda yaşayanlar, sosial şəbəkələr vasitəsilə böyük şəhərlərin "ideallaşdırılmış" həyat tərzini görərək, orada özlərini daha "azad" və daha "xoşbəxt" hiss edə biləcəklərinə inanırlar və evdən qaçmağa qərar verirlər. Ancaq bu qərarların arxasında real həyatı nəzərə almadan atılan addımlar dayanır. Onlar niyə qaçdıqlarını və nə ilə üzləşəcəklərini ətraflı planlaşdırmırlar. Yeniyetmələr evdən qaçanda çox vaxt gələcək həyatlarını nə ilə təmin edəcəklərini düşünmürlər. Onlar evdən qaçmaqla daha sərbəst bir həyat axtarır, böyük şəhərin cazibədar həyatını özləri üçün daha yaxşı bir gələcək kimi görürlər. Lakin bu qərarlarının nə qədər təhlükəli olduğunu dərk etmirlər. Ehtiyaclarını necə qarşılayacaqlarını, harada qalacaqlarını, nə yeyəcəklərini, nə içəcəklərini heç düşünmədən evdən qaçırlar. Bu cür qərarların çoxu impulsiv və düşünülməmiş olur. Sosial şəbəkələrdə tanış olduqları bəzi insanlar isə onlara cazibədar vədlər verirlər. Onlar bu yeniyetmələrə böyük şəhərdə həyatın nə qədər asan olduğunu və hər şeyin əlçatan olduğunu deyirlər. Nəticədə isə yeniyetmələr çox təhlükəli vəziyyətlərlə üzləşirlər. Bəziləri cinsi istismara məruz qalır, digərləri isə narkotik və alkoqol kimi zərərli alışqanlıqlara aldanaraq asılılıq içində boğulurlar. Bu günə qədər heç bir evdən qaçan uşaq xoş gün görməyib. Hətta onlar özlərini azad və daha xoşbəxt hiss edəcəyini düşündükləri yerdə, həqiqət onları çox acı bir şəkildə qarşılayır. Əksinə, qaçdıqları həyat onları yalnız təhlükələrə, istismara və travmalara sürükləyir”.
Sosioloq əlavə edib ki, qeyd etdiyimiz vəziyyətlərdə yeniyetmələr, bəzən kiminsə evində qeyri-rəsmi olaraq yaşamalarını davam etdirir, ya da kiminsə tələsinə düşüb, asılılıq qurbanı olurlar:
“Bu vəziyyətlərdən sonra, onlar ya geri qayıdaraq həyatlarına davam etmək üçün ciddi reabilitasiya proseslərindən keçməli olurlar, ya da həmin bataqlıqda çabalamalıdırlar. Bir çox hallarda polis onları ailələrinə qaytarır, lakin yenə də qaçırlar. Ailələrinə iddia edirlər ki, evdə təzyiq görürlər, sosial vəziyyətin yaxşı olmadığını, iqtisadi asılılığın onları sıxdığını və azadlıqlarının məhdudlaşdırıldığını vurğulayırlar. Bəzən yeniyetmələr istədikləri kimi geyinmək və davranmaq istəyirlər, amma valideynləri buna razı deyil. Məsələn, daha açıq formada geyinmək istəyirlər, amma valideynləri buna icazə vermir və bunun üzərinə evdən qaçırlar. Bəzi hallarda isə, sosial-iqtisadi asılılıqdan şikayət edirlər, çünki valideynin verdiyi maddi dəstək onlara yetərli gəlmir.Yeniyetmələr, azadlığı çox vaxt ictimai yerdə rahat davrana bilmək, istədikləri kimi geyinmək, hətta sərbəst şəkildə danışmaq kimi başa düşürlər. Onlar, bu cür davranışları azadlıqla əlaqələndirirlər. Təəssüf ki, bu cür düşüncə yalnız yeniyetmələrə deyil, bəzən yetişkin insanlara da aiddir. Azadlıq anlayışı o qədər cılızlaşdırılıb ki, artıq bəzi insanlar bunu çılpaq gəzmək, istədikləri yerdə istədikləri kimi davranmaq və hər hansı bir qayda tanımamaq kimi qiymətləndirirlər. Bu, azadlıq anlayışının yanlış bir şəkildə formalaşmasıdır”.
L.Mehralı vurğulayıb ki, feminizm və gender bərabərliyi   cəmiyyətimizdə xaos yaratdı. Bu məsələlərə çox önəm verildikcə, valideyn-övlad münasibətləri, qadın – kişi münasibətləri  dəyişdi:
“Əgər 30 il əvvəlki kimi, cəmiyyətin dəyərləri qorunmuş olsaydı, o zaman həm valideyn-övlad münasibətləri, həm də insan arasındakı münasibətlər daha stabil və normal olardı. Lakin bu gün Avropalaşmaq adı altında, müasir dünyaya inteqrasiya etmək adına, biz öz ölkəmizə bir çox sosial layihə və axınları gətirdik ki, bunlar da yeniyetmələrin evdən qaçmasına, zərərli vərdişlərə aludə olmasına səbəb oldu. Bütün bu dəyişikliklərə səbəb olan əsas faktor, bizim özümüzün bu dəyərləri qəbul etməyimiz və öz ölkəmizdə tətbiq etməyə çalışmamızdır. Biz gender bərabərliyini, feminizmi və qadın-kişi hüquqları arasındakı fərqləri bərabərləşdirməyə çalışarkən, əslində böyük bir sosial probleminə yol açdıq. Çünki bu yanaşma, bir tərəfdən cəmiyyətin dəyərlərini zəiflətməyə, digər tərəfdən isə yanlış anlamaların yaranmasına səbəb oldu. Qadın və kişini tərəzinin hər iki gözünə qoyaraq onların arasında fərqi bərabərləşdirməyə çalışdıq və problemlərin hamısı da elə bundan sonra başladı”.
 
Mehin Mehmanqızı
 
Seçilən
40
17
moderator.az

10Mənbələr