Azərbaycan Premyer Liqasının XXVIII turunda “Turan Tovuz” və “Qarabağ” arasında keçirilmiş açılış matçından (1:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Futbolçularımı təbrik edirəm. Bəlkə də ən gərgin oyunlarımızdan biri idi. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Oyuna kimi Kevin Medina cəmi 2 dəfə məşq etmişdi. Komanda şəklində normal məşqimiz olmamışdı. Vacib qələbə idi. İlk hissədə meydanda öz yerimizi lazımi məqamda doldura bilmirdik. Belə atmosferdə oynamaq xoş idi. Düşünürəm ki, yaxşı başlanğıc oldu.
– Keyfiyyət baxımından istədiyiniz səviyyəyə çatırsınız?
– Xeyr, hələ ona illər lazımdır. Belə sıx qrafikdə oynamaq bizim üçün bu asan deyil. Biz Avropada çıxış edən komandalarda görmüşük ki, keyfiyyət hansı səviyyədə olur.
– Bu gün “Turan Tovuz”un əsas korpusunun açılışı oldu, amma sizi görmədik. Dəvət olunmamışdınız?
– Oyuna hazırlaşırdıq. Elə də çox önəmli deyildi. Dəvət olsaydı belə, komandamı atıb gedə bilməzdim.
– Bu mövsüm “Turan Tovuz”u bu matça qədər məğlub edə bilməməyinizin gərginliyi var idi?
– Olmamış olmaz. Gərginlik var idi.
– Hakimliyin səviyyəsi bu oyuna uyğun idi?
– Bəzi epizodlarda narazı qaldım. Künc və cərimə zərbələrində bir az narazılığım oldu.
– Buntiçə dekabrdan bu yana şans verilmir. Getməyə namizəddir?
– Qapıçı mövqeyi önəmlidir. Bəzən limitə görə şans ala bilmir. İnşallah ki, qarşıdakı oyunlarda qapıda olacaq.
– Millinin oyunlarından sonra Elvin, Nəriman və Toralın tənqid atəşinə tutulmasını necə qarşıladınız?
– İstəməzdim. Futbolçularıma intizamlı olmağı tapşırmışdım. Narazılıqlar bəzən dialoqlardan qaynaqlanırdı. Nərimanla Toralın orada hər hansı əks fikir bildirmək düşüncəsi yox idi. Bəzən elə suallar verirsiniz ki… Toral nə meydanda, nə də kənarda kiməsə qarşı etinasız olub. Eləcə də Nəriman. Ümumən, pis düşüncəli olmayan uşaqlardır. Normal yanaşmalıyıq. Dəfələrlə belə müsahibələr almısınız. Onlar belə uşaqlar deyil.
– Nərimanın adı “Molde”ylə hallandı, amma transfer reallaşmadı…
– Rəsmi təklif oldu, amma klublar arasında razılıq baş tutmadı. Martın 27-si transfer pəncərəsi bitirdi. Bizim üçün qısa zamanda qərar vermək çətin idi.
– Toral və Nərimandan danışdınız. Bəs Elvinin problemi nədir?
– Nə sən bilirsən, nə də mən (gülür). Elə bil ki, qapana düşüb, heç nədən vərəqələr alır. Amma çox böyük səhvlər edir. Bir oyunçunun başına belə halların gəlməsi yaxşı deyil. 1-2 oyun düzəlir, sonra yenə eyni vəziyyət. Bu vərəqəni çox vacib oyunlarda alıb, məğlubiyyətin səbəbkarı ola bilər.
– Heyətdə müqavilələri bitən futbolçularla danışıqlar aparmısınız?
– Xeyr. Dəyişikliklər etmək istəyirik. Bəlkə futbolçuların hamısı qaldı və sadəcə, yeni oyunçular cəlb etdik. Axtarışlarımız davam edir. Hər bir halda mayda qərarlar verəcəyik.