Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı
Həmin vaxt daşnak-bolşevik qruplaşması Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından birini törədib. Təbii ki, bu soyqırımın törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq, torplaqlarımıza yiyələnmək idi.
Daşnak-bolşevik qruplaşması azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda başladığı soyqırımı cinayətlərini quberniyanın digər qəzalarında, eyni zamanda Gəncə və İrəvan quberniyaları ərazisində davam etdirib. Bakı quberniyası üzrə 41300 nəfər, Gəncə quberniyası üzrə 11768 nəfər, İrəvan quberniyası üzrə isə 75640 nəfər azərbaycanlı məhv edilib. Bütövlükdə Azərbaycan üzrə 20-dək şəhər və qəza mərkəzi, 950 kənd, o cümlədən Bakı quberniyasında 367, Gəncə quberniyasında 276, İrəvan quberniyasında 307 kənd talan edilib, dağıdılıb və yandırılıb. Ümumilikdə 128708 nəfər azərbaycanlı bu soyqırımının qurbanı olub. Onlardan 126078 nəfəri öldürülüb, 2630 nəfəri ağır bədən xəsarəti alaraq şikəst edilib. Yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 6,7 milyard rubl maddi ziyan vurulub.
Azərbaycanlılara qarşı törədilən soyqırımlarını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları sübut edir ki, 1918-ci il 31 mart hadisələri XX əsrdə törədilən ən qatı soyqırımı cinayətidir.
1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla xalqımıza qarşı törədilən 1918-ci il soyqırımlarına siyasi qiymət verib və martın 31-ni “Azərbaycanlıların Soyqırımı Günü” elan edib.
Eyni zamanda, dünya ictimaiyyəti bu soyqrıma biganə qalmamalıdır. Bugünə kimi dünyada “soyqırımına məruz qalan məzlum xalq” kimi sırınan ermənilərin əslində soyqırımına məruz qalan deyil, türk-müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törədən canilər olduğunu bilməli və onların əsl simasını tanımalıdır.