Qusar rayonunda ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi dəhşətli soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bizim.Media xəbər verir ki, əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Qusar şəhərindəki “Qanlı dərə”də qələbə qazanan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.
Abidə önünə gül dəstələri düzülüb, bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının, eləcə də, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışaraq bu faciənin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Daha sonra tədbir Qusar Dövlət Rəsm Qalereyasında davam edib. İştirakçılar azərbaycanlıların soyqırımı ilə bağlı məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu