AZ

İsrail ordusu yenidən Beyruta zərbə endirib, dörd nəfər həlak olub

"Bu, ötən ilin noyabrının 27-də atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra İsrailin Beyrut üzərinə ikinci hücumudur..."
 
Aprelin 1-də, çərşənbə axşamı gecəsi, İsrail Hava Qüvvələri Beyrutun şiə məhəlləsi olan Daahiyada yerləşən bir binaya hücum edib. Bu binada "Hizbullah"ın ofisləri və qrupun rəhbərliyi yaşayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
 
Qeyd edək ki, bu, ötən ilin 27 noyabrında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra İsrailin Beyrut üzərinə etdiyi ikinci
hücumudur.
 
İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti birgə bəyanat yayıb, burada "Hizbullah"ın yüksək rütbəli komandanının zərərsizləşdirildiyini açıqlayıb. Adı hələlik açıqlanmayan bu şəxs son dövrlərdə HƏMAS döyüşçülərinin Livandakı fəaliyyətlərini koordinasiya edərək onlara İsrailə qarşı "ciddi terror hücumu" təşkil etməkdə kömək edib. Bu terror hücumu tezliklə baş verməli idi.
 
"Zərbə yaxınlarda HƏMAS döyüşçülərinə rəhbərlik edən və onlara İsrail vətəndaşlarına qarşı genişmiqyaslı bir terror hücumu planlaşdırmaqda kömək edən Hizbullah terrorçusuna yönəldilib", - birgə bəyanatda qeyd olunub. "Terrorçu real və təcili təhlükə təşkil edib, buna görə də İsrail Hava Qüvvələri və Ümimi Təhlükəsizlik Xidməti ona zərbə endirərək bu təhdidi aradan qaldırıb", - bəyanatda deyilir.
 
İsrail Livanın cənubunda, əsas strateji mövqelərdə öz qoşunlarını saxlayır, hökumətin Hizbullah və digər silahlı qruplarla mübarizədə kifayət qədər sərt davranmadığını iddia edir. Daahiya ərazisində yaşayanlar "Reuters" agentliyinə Beyrutun üzərindən "aşağı uçan təyyarələr və şəhərdəki partlayışlar" barədə məlumat verib. Livan mətbuatı hücum edilən binanın yuxarı mərtəbələrinin dağıldığını bildirir.
 
Hazırda ən azı dörd nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı, onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. "Hizbullah"ın "Əl-Mayadeen" xəbər kanalı hücum nəticəsində təşkilatın heç bir yüksək rütbəs olmayan bir hərbçinin həlak olduğunu bildirib.
 
"Əl-Manar" nəşri isə "İsrail təyyarəsi tərəfindən Beyrutun cənubundakı yaşayış evlərinin bombalandığı" barədə məlumat yayıb, bu hücumun "Livanın suverenliyinə qarşı davam edən hücumlar və atəşkəs razılaşmasının pozulması" ilə əlaqəli olduğunu qeyd edib. Onlar həmçinin bildirib ki, bu, atəşkəsin tətbiqinə başladığı dövrdən bəri İsrailin Daahiyaya etdiyi ikinci hücumdur.
 
Əvvəlcə İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-ı silahlanmağı dayandırmağa və Qəzza bölgəsini tərk etməyə çağırıb və təşkilata təzyiqi artıracağı və girovların geri qaytarılması üçün səyləri davam etdirəcəyini vəd edib.
 
Atəşkəs razılaşması 15 yanvar 2025-ci ildə İsrail və HƏMAS arasında imzalanıb və 19 yanvar tarixində qüvvəyə minib. Bu, üç mərhələdən ibarət bir razılaşma olub. Razılaşmanın ilk mərhələsi martın əvvəlində başa çatıb və 30-dan çox israilli girovun azad olunmasını, bunun qarşılığında isə yüzlərlə fələstinli məhbus və saxlanılan şəxslərin azad edilməsini nəzərdə tutub. 
 
İkinci mərhələ daha çox girovun azad edilməsini və qoşunların tamamilə çəkilməsini nəzərdə tutub, üçüncü mərhələ isə Qəzza bölgəsinin bərpasının başlanması idi. Ancaq martın 1-də HƏMAS, atəşkəsin ilk mərhələsinin uzadılması ilə bağlı İsrailin "düsturunu" qəbul etmədiyini bildirib. Həmin vaxt bu mərhələ sona çatmalı idi. Təşkilatın nümayəndəsi Həzəm Qəsəm ikinci mərhələ ilə bağlı heç bir danışıqların aparılmadığını açıqlayıb.
 
Martın 18-də İsrail Müdafiə Ordusu və Təhlükəsizlik Xidmətləri birgə bəyanat yayıb və HƏMAS ilə əlaqəli Qəzza bölgəsində çoxsaylı hədəflərə qarşı böyük hücumlar apardıqlarını bildirib. Eyni gündə İsrail Müdafiə Ordusu HƏMAS-ın Qəzza bölgəsində faktiki baş naziri və bir neçə yüksək rütbəli rəhbərini zərərsizləşdirdiyini açıqlayıb. 
 
Martın 21-dəİsrailin müdafiə naziri İsrael Kats HƏMASın qalan girovları azad etməyəcəyi təqdirsə ölkənin Qəzza bölgəsinin bir hissəsini ilhaq etməyi planlaşdırdığını açıqlayıb. O, həmçinin əlavə edib ki, girovlar azad edilməyənədək və təşkilat məğlub edilməyənədək, xüsusilə "yer əməliyyatlarını genişləndirəcək. Martın 30-da HƏMAS lideri Xəlil əl-Xəyyə təşkilatın Misir və Qətər vasitəsilə iki gün əvvəl əldə etdiyi atəşkəs təklifini qəbul etdiyini bildirib.
Seçilən
286
38
moderator.az

10Mənbələr