AZ

Robot eksoskeletlər: texnologiya və tibbi inqilab

İnsan bədəninin imkanlarını artırmaq və əlillik səbəbilə hərəkət məhdudiyyəti yaşayan şəxslərə kömək etmək məqsədilə inkişaf etdirilən robot eksoskeletlər müasir texnologiyanın diqqətçəkən sahələrindən biridir. Bu cihazlar əzələ zəifliyi, iflic və ya zədələr səbəbindən yeriməkdə çətinlik çəkən insanlara yardım etmək üçün nəzərdə tutulmuşdur. Onların məqsədi insanın skelet sistemini dəstəkləmək və onun hərəkət imkanlarını artırmaqdan ibarətdir.
 
Bu texnologiya əsasən sensorlar, batereya, mühərriklər və idarəetmə sistemi hissələrindən ibarətdir. Sensorlar bədənin hərəkətlərini və sinir impulslarını təhlil edərək robotun istifadəçi ilə uyğunlaşmasını təmin edir. Batereya və mühərriklər eksoskeletin hərəkət etməsi üçün enerji təmin edir. İdarəetmə sistemi isə sinir siqnallarını emal edərək istifadəçinin hərəkət etmək istədiyi istiqaməti müəyyənləşdirir və uyğun reaksiya verir.
 
Müasir eksoskeletlərin materiallarına gəldikdə, onlar karbon liflər və digər yüngül materiallardan hazırlanaraq istifadənin rahatlığını artırır.
 
Robot eksoskeletlərin bir çox faydaları vardır. Hər şeydən əvvəl, onlar onurğa beyni zədəsi və ya iflic olan xəstələrin yerimə bacarıqlarını bərpa etməsinə kömək edir. Dünya təcrübəsində robot eksoskeletlərdən ağır yüklərin daşınmasında və hərbi əməliyyatlarda əsgərlərin gücünü artırmaq məqsədilə də istifadə edilir.
Bu texnologiya həmçinin sərbəst hərəkət etməkdə çətinlik çəkən yaşlı insanların  gündəlik həyat keyfiyyətini yüksəldir, eləcə də idmançılar və işçilər üçün fiziki gücü artırmağa xidmət edir.
 
Qeyd edək ki, robot eksoskeletlər 2000-ci illərin əvvəllərindən etibarən inkişaf etdirilir və müxtəlif sahələrdə tətbiq olunmağa başlanmışdır. Məsələn, ABŞ-da "Ekso Bionics" və "ReWalk Robotics" 2010-cu illərin əvvəllərindən etibarən reabilitasiya və sənaye məqsədli eksoskeletlər təqdim edir. "ReWalk" eksoskeleti 2014-cü ildə FDA tərəfindən təsdiqlənmişdir və hazırda müxtəlif reabilitasiya mərkəzlərində istifadə olunur. 
 
Yaponiyaya gəldikdə, ölkənin "Cyberdyne" şirkəti tərəfindən 2018-ci ildə hazırlanan və "HAL" ("Hybrid Assistive Limb") adlanan eksoskelet ABŞ-ın Qida və Dərman Administrasiyasından (FDA) tibbi istifadə üçün təsdiqləndikdən sonra reabilitasiya mərkəzlərində və xəstəxanalarda geniş istifadə olunmağa başlanmışdır. "HAL"  modeli ilk dəfə 2005-ci ildə təqdim edilmiş və 2010-cu illərdə geniş tətbiq olunmuşdur.
 
Almaniyada Ottobock şirkəti 2012-ci ildən etibarən nevroloji xəstəliklər üçün eksoskeletlər inkişaf etdirməkdədir. Bu ölkədə eksoskeletlər daha çox reabilitasiya sahəsində tətbiq olunur və yerimə qabiliyyətini itirmiş şəxslərin müalicəsində effektiv nəticələr göstərir.
 
Cənubi Koreyada isə Hyundai Motor Group 2018-ci ildən başlayaraq sənaye sahəsində eksoskelet texnologiyasını tətbiq etməyə başlamışdır. Hyundai eksoskeletləri zavod işçilərinin yorğunluğunu azaltmaq və ağır fiziki işləri asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur.
 
Hazırda dünya təcrübəsində eksoskelet texnologiyası sürətlə inkişaf edir və yaxın gələcəkdə daha yüngül, daha ucuz və daha ağıllı modellərin bazara çıxarılması gözlənilir. Süni intellekt və neyron interfeyslərin  inteqrasiyası bu texnologiyanın insan bədəninə tam uyğunlaşmasını təmin edəcək. Gələcəkdə tibbi və hərbi sahələrdə istifadənin artması, həmçinin fərdi eksoskeletlərin daha geniş yayılması gözlənilir.
 
Beləliklə, sonda onu deyə bilərik ki, robot eksoskeletlər texnologiyanın insan həyatını yaxşılaşdırmaq üçün necə istifadə edilə biləcəyinə dair əyani sübutlardan biridir. Bu cihazlar yalnız tibbi reabilitasiyada deyil, eyni zamanda sənaye və müdafiə sahələrində də inqilabi dəyişikliklərə səbəb olur. Gələcəkdə bu sahədə daha çox irəliləyişin olacağı və robot eksoskeletlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcəyi gözlənilir.
 
 
Yunis Xəlilov
Hüquqşünas
Seçilən
247
50
moderator.az

10Mənbələr