AZ

Dollar, Trampın tarifləri fonunda son 2,5 ilin ən böyük itkisinə məruz qalıb

Bloomberg hesab edir ki, prezident Donald Trampın ABŞ-ın ticarət tərəfdaşlarına elan etdiyi gömrük rüsumları (tariflər) ABŞ valyutasını son iki il yarım ərzində ən çox zəifləməsinə səbəb olub.

Marja xəbər verir ki, Bloomberg Dollar Spot Index (BBDXY) aprelin 3-ü cümə axşamı ticarət zamanı 1,5% ucuzlaşıb.

Dollar G10-un bütün valyutalarına nisbətən zəifləyib: Yen və İsveçrə frankı qarşısında təxminən 2%, avro və funta qarşı isə 1%-dən çox ucuzlaşıb. ABŞ dollarının Kanada dollarına qarşı məzənnəsi dekabrın ortalarından bəri ən aşağı səviyyəyə düşüb.

BBDXY indeksinə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından 12-nin valyutaları daxildir: avro, yen, Kanada dolları, funt sterlinq, Meksika pesosu, yuan, İsveçrə frankı, Avstraliya dolları, Cənubi Koreya vonu, Hindistan rupisi, Sinqapur dolları və Yeni Tayvan dolları.

Amerika valyutasının ABŞ-ın əsas ticarət tərəfdaşı olan ölkələrin digər altı valyutası qarşısında dəyərini ölçən DXY dollar indeksi cümə axşamı 2,23% azalaraq 101,372 bənd səviyyəsinə enib. Valyuta səbətinə avro, Yapon yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu və İsveçrə frankı daxildir. İndeks Qitələrarası Birja (ICE) tərəfindən hesablanır.

Çərşənbə günü, aprelin 2-də ABŞ prezidenti Donald Tramp ABŞ-a idxal olunan məhsullara rüsumlar tətbiq ediləcəyini açıqlayıb. Müxtəlif ölkələr üçün 10%-dən 50%-ə qədər rüsum tətbiq ediləcək.

Hazırda insanlar bu tariflərin ABŞ-ın özünə göstərə biləcəyi iqtisadi təsirə diqqət yetirirlər.

İnvestorlar, tariflərin ABŞ iqtisadiyyatını yavaşlatacağına dair mərc etməyə başlayıblar, bu da FED-in uçot dərəcəsinin azaldılması gözləntilərini artıraraq dollara təzyiq göstərir. Deutsche Bank, Amerika valyutasına mümkün inam böhranı barədə xəbərdarlıq edib.

Seçilən
172
20
marja.az

10Mənbələr