AZ

Alparslan Bayraktar: "Ankara Azərbaycanla “Qarabağ” yatağından qaz tədarükü üzrə yeni saziş üzərində işləyir"

Türkiyə Azərbaycanla “Qarabağ” neft-qaz yatağından qaz tədarükü ilə bağlı yeni saziş üzərində işləyir.

“Report” "S&P Global" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, bu yataqdan qaz idxalına 2028-2029-cu illərdə başlanması barədə razılıq əldə olunub.

Türkiyənin qaz sektorunda daha geniş strategiyasına toxunan A. Bayraktar ölkənin uzun illər Rusiya və İrandan tədarükdən əhəmiyyətli dərəcədə asılı olduğunu vurğulayıb: “Bu sazişlərin müddəti tezliklə başa çatır və biz alternativ qaz mənbələri tapmalıyıq”.

O, qaz portfelinin diversifikasiyasının və daxili bazarda rəqabətin gücləndirilməsinin prioritet olduğunu qeyd edib.

Nazir əlavə edib ki, mart ayında Türkiyə İran üzərindən Türkmənistandan svop qazının idxalına başlayıb: “Bu il biz İran vasitəsilə Türkmənistandan 1,3 milyard kubmetr qaz alacağıq. Son on ildə Türkiyə qaz infrastrukturuna böyük sərmayələr qoyub və artıq idxal imkanlarımız yalnız boru kəmərləri ilə məhdudlaşmır”.

Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu barədə danışan A. Bayraktar bildirib ki, ölkənin LNG reqazifikasiya gücü gündə 30 milyon kubmetrdən 160 milyon kubmetrə qədər artırılıb və bu göstəricinin 200 milyon kubmetrə çatdırılması planlaşdırılır.

Seçilən
52
50
aznews.az

10Mənbələr