AZ

BİZİM TƏQVİM:Aprelin 4-də baş vermiş tarixi hadisələr

4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür.  

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Hər il dünya üzrə minalardan təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir, 7 milyondan çox insana təhlükədən necə müdafiə olunmaq öyrədilir.

Nəzərə alaq ki, minadan ən çox zərər görən ölkələrdən biri də Azərbaycandır.

Bəs, 4 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 4 aprel 1814-cü ildə Napoleon taxtdan ilk dəfə geri çəkilib.

2. 1913-cü ilin 4 aprelində Osmanlı dövlətində “Qadınlar dünyası” adlı jurnalın ilk sayı çıxıb. Jurnalın məqsədi qadın hüquqları, azadlıqları, onların maarifləndirilməsi, iş və sosial həyatda fəaliyyətinin təmin edilməsindən ibarət idi.
 

3. 4 aprel 1949-cu ildə Vaşinqtonda Şimali Atlantika müqaviləsi imzalanıb. NATO adlanan bu blok uzun müddət Varşava müqaviləsinin üzvü olan ölkələrə qarşı dayanan başlıca hərbi qüvvə olub. Amma “Soyuq müharibə” başa çatdıqdan sonra da NATO fəaliyyətini dayandırmayıb, əksinə Şərqə doğru genişlənib. 


4. 1953-cü ilin bu günü Türkiyə Dəniz Qüvvələrinə bağlı Dumlupınar sualtı gəmisi NATO təlimindən qayıdarkən Çanaqqala boğazında İsveç gəmisi “Naboland”la toqquşaraq batdı.  81 türkiyəli dənizçisinin şəhid olduğu 4 aprel tarixi Dəniz Şəhidlərini Anma Günü elan edildi.

5. 1992-ci ilin 4 aprelində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.

6. 4 Aprel Ümumdünya İnternet Günüdür. Belə ki, 4 aprel şagirdlərin, tələbələrin himayəçisi olan və tarixdə ilk “Etymologiae” ensiklopediyasının yaradıcısı Sevilyalı Müqəddəs İsidorun xatirə günüdür.

 Qeyd edək ki, vatikan katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şəbəkəsini “insan bilikləri xəzinəsi” adlandırıb.

Uzun müddət namizədlər arasında seçim edən Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi Sevilyalı Müqəddəs İsidor adlana bilər. Öz qərarını şərh edən II İoann Pavel bildirib ki, insan biliklərinin xəzinəsi internetdir, buna görə də o, bu missiyanı İsidora həvalə edib.

4 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Amerika Birləşmiş Ştatlarında vətəndaş hüquqları və irqi bərabərlik uğrunda hərəkatın lideri, Nobel Sülh Mükafatını qazanmış Martin Lüter Kinq 1968-ci ilin bu günü Tennesi ştatının Memfis şəhərində qətlə yetirilib.

2. 4 aprel 1979-cu ildə Pakistanın baş naziri Zülfüqar Əli Butto asılaraq edam edildi.

3. Bu gün Türkiyənin böyük siyasi xadimi Alparslan Türkeşin xatirə günüdür. 4 aprel 1997-ci ildə vəfat edən Alparslan Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına həsr edib. Məhz bu xidmətlərinə görə ona Başbuğ ləqəbi verilib.

4. Xalq artisti Muxtar Maniyev 1935-ci ilin 4 aprelində anadan olub.

5. Azərbaycanın  Milli Qəhrəmanı Rəfael Həbibov 1964-cü ilin bu günündə dünyaya göz açıb.

6. Xalq şairi Qabil  4 aprel 2007-ci ildə dünyasını dəyişib.

7. Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov 4 aprel 2016-cı ildə Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
281
20
bizim.media

10Mənbələr