“Real”ın 18 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik “qaymaqlılar” üçün hər oyununda fürsətlərindən mütləq yararlanmaq haqda düşünür.
Arena.az “Real”ın rəsmi saytına isitinadən, gənc braziliyalı istedadın müvafiq açıqlamasını təqdim edir:
“Mən öz fürsətlərimi dəyərləndirməliyəm. Mən oynamağın necə çətin olduğunu bilirəm, çünki bizim komandamızda dünyanın ən yaxşı hücumameylli dörd futbolçusu var: Cud Bellingem, Kilian Mbappe, Vinisius Junior və Rodriq Qoes. Bunlar həmişə oynamaq istəyində olan möhtəşəm futbolçulardır. Mənim oynamaq fürsətim yarandıqda isə qol vuraraq və müdafiə olunaraq, hər şeyi komandam üçün verirəm. Mən öz qollarımdan və komandaya yardımımdan məmnunam”.
Gənc futbolçu “Real”ın İspaniya Kral Kubokunun yarımfinalının “Real Sosyedad”la evdəki cavab oyununu (4:4, səfərdə 1:0) da şərh edib:
“Bizim düşərgəsmizdə hər şey yaxşıdır, biz finala yüksəldik. UEFA Çempionlar Liqasının da finalına çıxmaq və qənimətlər qazanmağa davam etmək istəyirik”.
Xatırladaq ki, hücumçu bu oyunda bir qolla fərqlənib.
Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Endrik “Real”ın heyətində 29 oyuna 7 qolla fərqlənib.
Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.