AZ

“Əgər ABŞ-ın hərbi müdaxiləsi İranda rejim dəyişikliyinə yol açarsa..."

Elxan Şahinoğlu: “O zaman bu ölkənin bütövlüyünü qorumaq çətin olacaq”

Son vaxtlar ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı ilə bağlı çoxsaylı ehtimallar səslənməkdədir.  

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu, proseslərin bir neçə məcrada cərəyan edə biləcəyini vurğulayıb:

“Donald Trampın “İranı bombalayacam” açıqlaması beynəlxalq aləmdə geniş əks-səda doğurub. Tramp o prezidentlərdəndir ki, dediyini eləməyə çalışır.

İrana qarşı həmlə müxtəlif variantlarda həyata keçirilə bilər. ABŞ Trampın söylədiyi kimi, İranın hərbi mərkəzlərinə bir neçə zərbə endirəcək.

İkinci variant odur ki, İsrail Vaşinqtonun qərarını gözləmədən hədəflənən hərbi mərkəzlərə zərbə endirəcək.

Başqa bir variant isə ABŞ-İsrail cütlüyünün İrana qarşı birgə hərbi plan həyata keçirməsidir. İrandakı rejim bu variantların hər birinə hazırlaşmaq məcburiyyətindədir.

İrana qarşı hərbi variantlardan hər birinin ona qonşu olan Azərbaycana və Ermənistana da təsirləri olacaq.

Ermənistan mümkün müharibənin nəticəsi olaraq İrandakı rejimin dəyişməsini istəmir. İrəvanda düşünürlər ki, İranda rejim dəyişikliyi Tehranın İrəvanla ittifaqına mənfi təsir edəcək və bu durum Azərbaycanın xeyrinə olacaq. Azərbaycan İrana qarşı mümkün hərbi əməliyyatdan qonşu ölkədəki mülki insanların zərər görməsini istəmir, çünki Qəzzadakı və ya Suriyadakı olayların İranda təkrarlanması ehtimalı bölgədə böyük təlatümlərə - humanitar böhrana səbəb olacaq.

Əsas suallardan biri də budur: İrana qarşı hərbi əməliyyatlar bu ölkədə yaşayan müxtəlif millətlərin Tehrana qarşı üsyanına rəvac verəcək, yoxsa 1980-1988-ci illərdə İraqla müharibə dönəmində olduğu kimi İranda yaşayan xalqların ümumi düşmənə qarşı mobilizə olmasına rəvac verəcək? Bunu indidən söyləmək çətindir. ABŞ və İsrailin hava zərbələləri nəticəsində mülki insanlar arasında itkilər artarsa, Tehran və Qum hamını ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Tərsi də mümkündür. Misal üçün Qəzzanın yaxın tarixində ilk dəfə şəhər sakinləri “Həmas” qruplaşmasına qarşı etirazlara başlayıblar. Çünki Qəzza sakinlərinin bir qismi hesab edir ki, “Həmas” il yarım əvvəl İsrail ərazisinə hücum etməsəydi və sonradan tərksilaha razılaşsaydı, bugünkü faciələr yaşanmazdı. Eyni ilə İran ABŞ və İsrailin raket zərbələrinə tuş gələrsə, qonşu ölkədə yaşayan insanların bir qismi düşünəcək ki, Tehran nüvə çalışmalarından imtina etsəydi və ətraf ölkələrdəki silahlı qruplara maliyyə və silahlı dəstək verilməsəydi, gərgin vəziyyət yaranmazdı.

Vaşinqton İranda rejim dəyişikliyinə çalışır, böyük ehtimalla bu ölkənin parçalanmasında marağı yoxdur. İsrail isə əksinə, hər ikisində maraqlı ola bilər. Vaşinqtonun istəyindən asılı olmayaraq, raket zərbələri nəticəsində İranda 1979-cu ildə formalaşan rejim dəyişərsə, qonşu ölkənin bütövlüyünü qorumaq çətin olacaq”.

Seymur ƏLİYEV

phrase_var_article.chosen
266
50
moderator.az

10phrase_var_article.sources