Trampın gömrük rüsumları ilə bağlı məlum qərarından sonra ABŞ birjaları ciddi çöküş yaşayıb...
İqtisadçı-ekspert: “Mən deyərdim ki, bu proseslər bir neçə həftəlikdir. Doğrudur, birjalarda çaxnaşma var və amma bu böyük miqyaslı böhrana gətirib çıxarmayacaq”.
“Tramp öz qərarında haqlıdır. Çünki o, qarşı tərəfə 100% deyil, yalnız 50% səviyyəsində cavab addımı atıb. Yəni uzun illərdir ki, bu ölkələr Amerika mallarına yüksək rüsumlar tətbiq ediblər və indi şikayət edərkən də heç də haqlı görünmürlər”.
Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli ABŞ birjalarındakı ciddi çöküşü Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, Trampın gömrük rüsumları ilə bağlı məlum qərarından sonra ABŞ birjaları ciddi çöküş yaşayıb və Amerika milyarderləri 280 milyarda qədər ziyan ediblər. Ekspertlər hesab edirlər ki, bu ABŞ birjalarında 2008-ci ildən sonra yaşanan ən böyük çalxantıdır.
Bəs, Trampın başlatdığı ticarət müharibəsi dünyada yeni maliyyə böhranına səbəb ola bilərmi?
Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib.
Xalid Kərimli: “Mən indiki məqamda qlobal maliyyə ilə bağlı hər hansısa riski görmürəm”.
Bir çox ticarət tərərfdaşlarının ABŞ ilə danışıqlara gedəcəklərini proqnoz edən ekspert Poliqon-a bildirib ki, onlar rüsumların ləğvi istiqamətində işləyəcəklər:
“Dünən əhəmiyyətli surətdə həm ESENPİ, həm “Dow Jones”, həm də NASDAQ indekslərinin düşüşü yaşandı. İndekslər 4-5 faiz düşdü. Hətta, çox təəssüf ki, neftin qiyməti də 7 faiz düşdü. Yənibu proseslər bizə də çox böyük ziyan etdi.
Amma bu proses qlobal maliyyə böhranına gətirib çıxarmayacaq. Yəni indiki halda ABŞ-nin dünyaya tətbiq etdiyi tariflər maliyyə böhranına gətirib çıxaracaq səviyyədə deyil. Düşünürəm ki, birjalar artıq gələn həftdən başlayaraq, vəziyyətə adaptasiya olacaq. Mən deyərdim ki, bu proseslər bir neçə həftəlikdir. Doğrudur, birjalarda çaxnaşma var amma bu, böyük miqyaslı böhrana gətirib çıxarmayacaq.
Bu qərarın mənfi təsirlərini biz harada görə bilərik? Əgər bu tarifin tətbiq edildiyi iri ölkələr ABŞ-yə eyni tarifi tətbiq etsələr və cavabında ABŞ yenə tarif tətbiq etsə, bu zaman biz problemin təhlükəli həddə çatdığını deyə bilərik. Hələliksə yalnız Kanada nisbətən ABŞ-yə cavab verib. Digər ölkələr isə səbrli davranmağa üstünlük verirlər. Buna gğrə də mən güman etmirəm ki, Trampın yeni gömrük tarifləri böyük ticari müharibəyə gətirib çıxarsın. Hesab edirəm ki, bir çox ticarət tərəfdaşları ABŞ ilə danışıqlara getməyə üstünlük verəcəklər. Yəni onlar rüsumların ümumiyyətlə ləğvi istiqamətində işləyəcəklər.
Xalid Kərimli: “Həmin ölkələr o rüsumları tətbiq edərkən öz bazarlarını qorumağa çalışıblar. Ona görə də Trampın “cərrahi əməliyyatının” nə qədər doğru, nə qədər yanlış olduğunu demək olmaz. Amma qanlı müharibədənsə, bu cür müharibə daha yaxşıdır”.
Hadisələrin inkişafında iki istiqamət var:
Birinci istiqamətdə dünya ölkələri ABŞ-yə qarşı əks tarif tətbiq edə bilərlər və ABŞ-də tarifin üstünə bir də tarif tətbiq edə bilər. Bu, eskalasiya istiqamətiir və təhlükəlidir.
İkinci istiqamət də odur ki, ölkələr Trampın yeni gömrük rüsumlarını qəbul etsinlər və heç bir addım atmasınlar. Bu daha doğru istiqamətdir və eskalasiyanı da ortadan qaldıra bilər.
Digər tərəfdən isə Tramp öz qərarında haqlıdır. Çünki o, qarşı tərəfə 100% deyil, yalnız 50% səviyyəsində cavab addımı atıb. Yəni uzun illərdir ki, bu ölkələr Amerika mallarına yüksək rüsumlar tətbiq ediblər və indi şikayət edərkən də heç də haqlı görünmürlər.
Oturub razılaşınlar, əgər doğrudan da ABŞ-yə qarşı haqsızlıq edirlərsə, o şərtləri yumşaltsınlar. Yəni özləri də ABŞ-yə qarşı uzun illər əvvəl tətbiq etdikləri rüsumları qaldırsınlar.
Çünki ABŞ deyir mən qarşılıqlı rüsum tətbiq edirəm, onlar tarif və qeyri-tarif tətbiq edib vəziyyəti buraya gətiriblər. Təbii ki, həmin ölkələr o rüsumları tətbiq edərkən öz bazarlarını qorumağa çalışıblar. Ona görə də Trampın “cərrahi əməliyyatının” nə qədər doğru, nə qədər yanlış olduğunu demək olmaz. Amma qanlı müharibədənsə, bu cür müharibə daha yaxşıdır.
Tramp birinci prezidentliyi dövründə də əsas ticari, iqtisadi məsələrə yönəlmişdi. İndi də Tramp öz ölkəsinin problemlərini daha radikal formada həll etməyə çalışır. Amma buna baxmayaraq mən indiki məqamda hər hansısa maliyyə böhranı riskini görmürəm”.
Nərminə UMUDLU
Poliqon.info