AZ

Ştaynmayer əski parçasını “bayraq” edib Bakıya niyə gəldi, nə apardı və bizə nə verdi?..-Heydər Oğuzdan cavab

“Rəsmi Berlinin bu “1 addım irəli, 2 addım geri” siyasətini ölkədə yaşanan siyasi xaosla əlaqələndirərdim...”
 
Məlum olduğu kimi, Almaniya prezidenti F.Ştaynmayer Cənubi Qafqaza səfəri ərəfəsində Qarabağ separatçılarının əski parçasının görüntüsünü paylaşmış və ardınca İrəvana, oradan isə Bakıya gəlmişdi. 
 
Görəsən, Almaniya prezidentinin sözügedən paylaşımı hansı məqsəd daşıyırdı? O, Bakıdan özüylə nə apardı və Azərbaycana nə verdi?..
 
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, Frank-Valter Ştaynmayerin səfər öncəsi məlum paylaşımı Almaniyada son zamanlar yaranmış hakimiyyət boşluğundan doğan qəbahət ola bilər: 
 
“Bilirsiniz ki, Azərbaycan XİN bu paylaşıma sərt reaksiya verdi, ardınca da Ştaynmayer həmin paylaşımını dərhal sildi. Bununla da kifayətlənməyən rəsmi Berlin Prezident Administrasiyası adından Azərbaycandan üzr istədi. Fikrimcə, alman lideri həqiqətən də bu paylaşımı ilə bizə hansısa mesajı vermək istəyirdisə, tələm-tələsik öz səhvlərini düzəltməz, erməni separatizmini dəstəkləyən mövqeyini davam etdirərdi. Bunu etmədilərsə, deməli, həqiqətən də həmin paylaşımla öz məqsədlərini aşmışdılar və nəticədə Almaniya adına qətiyyən yaraşmayan geri addımı atdılar… 
 
Mən rəsmi Berlinin bu “1 addım irəli, 2 addım geri” siyasətini ölkədə yaşanan siyasi xaosla əlaqələndirərdim. Bilirsiniz ki, bu ilin fevral ayında Almaniya parlamentinə seçkilər keçirilmiş, iki partiya Xristian Birlik və Sosial Demokratlar seçkilərdə qalib gəlmişlər. Almaniyanın yeni hökuməti də məhz bu iki partiyanın koalisiyasından formalaşacaq. Amma hələ də qaliblər öz hökumətlərini elan etməyiblər. Onların qarşısında həll edilməli bəzi problemlər var. Alman politoloqlarının iddialarına görə, Koalisiya sazişi layihəsinin aprelin 10-11-də Xristian Demokrat İttifaqının (CDU) Bundestaq Komitəsində təsdiqlənməsi gözlənilir. Dolayısıyla hazırda Almaniya hakimiyyətində qeyri-müəyyənlik mövcuddur və hökumətə hələ də köhnə komanda rəhbərlik edir. Görünən budur ki, onlar da gedərayaq olduqlarından öz işlərinə başdansovdu yanaşır, nəticədə bu cür sürprizlər ortaya çıxır. Almaniya prezidenti və onun aparatı Xarici İşlər Nazirliyinin buraxdığı səhvləri üzrxahlıqla kompensasiya etməyə çalışırlar”.
 
Heydər Oğuzun fikrincə, Almaniya prezidenti Ştaynmayerin Bakı səfəri zamanı ölkəmizin başçısı İlham Əliyevlə apardığı müzakirələrin gündəliyinə baxanda da əsas məsələnin Azərbaycan-Ermənistan probleminin olmadığını görə bilərik: 
 
“Rəsmi məlumatlara görə, iki dövlət rəhbərinin müzakirə etdiyi məsələlər əsasən bunlar olub: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, energetika sahəsində əməkdaşlıq, Xəzərdən keçən Orta Dəhliz, ikitərəfli əlaqələrin inkişafı, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi və s. Bu təsnifatdan da göründüyü kimi, liderlər əsasən enerji və Orta dəhliz məsələlərini müzakirə ediblər. Sanki Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi bu gündəmə süni şəkildə yerləşdirilmiş mövzu idi. Görünür, Almaniyanın gedərayaq hökumətinin səhlənkarlığından doğan bu problemi ört-basdır etməyə çalışan Ştaynmayer məcburən əsas mövzudan yayınıb, özünü və alman hökumətini mənasız arqumentərlə əsaslandırmaq yolunu seçib”. 
 
Heydər Oğuz fikrini onunla əsaslandırıb ki, Azərbaycan və Almaniya prezidentləri Bakıda Orta dəhliz, alternativ enerji məsələlərini müzakirə etdikləri bir vaxtda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Özbəkistanın Səmərqənd şəhərində idi: 
 
“O da 5 Mərkəzi Asiya ölkələrinin prezidentləri ilə təxminən eyni mövzuları müzakirə edirdi və Avropa İttifaqı ilə Mərkəzi Asiyanın iqtisadi əməkdaşlığının yol xəritəsini cızırdı. Üstündən bir gün keçməmiş yenidən Bakıda Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgense peyda olmuş, o da İlham Əliyevlə yaşıl enerji sahələrində əməkdaşlıq məsələlərini masaya yatırmışdı. Eyni gündə İlham Əliyev həm də Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul etmiş, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdı. Maraqlıdır ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları  da eyni gündə Bakıda keçirilmişdi. Bütün bunları yan-yana düzəndə məlum olur ki, Avropa İttifaqı alternativ enerjiyə keçmə layihələrini sürətləndirmək istəyirlər. ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı iqtisadi sanksiyalara başlamasından sonra bu kimi təşəbbüslər mənə təəccüblü görünmür. Fikrimcə, Aİ daha artıq yubanmadan öz başının çarəsinə baxmalı və onu gözləyən böhrandan dərhal çıxmaq barədə düşünməlidir. Bu baxımdan, Avropa İttifaqı liderlərinin eyni zaman kəsimində həm Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya səfəri başadüşüləndir”.
 
Heydər Oğuz istisna etmir ki, Almaniya prezidentinin Cənubi Qafqaza səfərində böyük ehtimalla Ermənistan amili də yer alır: 
 
“Amma biz düşündüyümüz kontekstdə və həssaslıqda deyil. Məsələ burasındadır ki, Cənubi Qazqazda enerji təhlükəsizliyi baxımından ən zəif həlqə Ermənistandır. Faktiki olaraq öz enerji ehtiyacının 85%-ni Rusiyadan, 15%-ni isə İrandan alan Ermənistan şimal qonşumuzdan birbaşa asılıdır. Bununla belə, zaman-zaman ona meydan da oxuyur və meydan oxuya-oxuya Avropa İttifaqına meyillənmək arzusundandır. Bu da onu istənilən an Rusiyanın və İranın enerji şantajı ilə üz-üzə qalmasına yol aça bilər. Ermənistanın xilası bu mənada Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasından, barışıq əldə etməsindən keçir. Paşinyan hakimiyyəti isə Rusiyanın Ermənistandakı “5-ci kolonu”nun təzyiqi altındadır və ondan tələb olunan addımı atan kimi enerjisi kəsilə bilər. Ona bu ağır günündə qaz və neft verə biləcək yeganə ölkə var – Azərbaycan. Azərbaycan isə ondan konstitusiyasındakı ərazi bütövlüyümüzə iddialarını təmizləməyi tələb edir. Ştaynmayer də görünür, Azərbaycanın bu həssasiyyətinə haqq qazandıraraq ermənilərin zamanla doğru yola gələcəyinə dair fikirlər səsləndirməklə bizi sakitləşdirməyə və erməniləri çox sıxma-boğmaya salmamağa çağırıraq deyirdi: “Ümidvaram ki, həmin müqaviləyə (17 maddəlik sülh müqaviləsi nəzərdə tutulur) əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər üzərində də razılaşma olacaq. Fikrimcə, onlar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasında maneəyə çevrilməməlidir. Təkrar edirəm, çox önəmli qətiyyət var, vacib an yetişib, onun ritmini itirmək məsuliyyətsizlik olardı. Yadda saxlamaq lazımdır, Almaniyanın da, Avropanın da təcrübəsi göstərir ki, müqavilənin hazırlanması və onun həyata keçirilməsi ilk addımdır. Sonra isə müqavilənin həqiqətən də qüvvəyə minməsi, reallıqda barışığa çevrilməsi neçə nəsilləri tələb edir. Bu çox uzun bir prosesdir. Belə bir etibarlı barışığın həyata keçirilməsi hər iki ölkədən və xalqdan hələ çox vaxt tələb edəcək. Ona görə də bu barışığa uzun zaman tələb edildiyini diqqətdən qaçırmaq olmaz. Amma ilk addım müqavilənin hazırlanması, imzalanması, ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsidir. Sonra isə digər problemlər də həll oluna bilər. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq”. 
 
Sözsüz ki, bu Almaniya prezidentinin fikirləridir. Son sözü isə Almaniyanın yox, Azərbaycanın prezidenti deyəcək. O da məlumdur ki, İlham Əliyev öz son sözünü bir müddət bundan əvvəl demişdi. Bildirmişdi ki, indiyədək dəfələrlə bizi yalançı vədlərlə aldadan və zamana oynayan ermənilərin sözünə etibar etmir. Onlar sülh istəyirlərsə, zəhmət çəkib konstitusiyalarının indidən islah etməli və ATƏT Minsk qrupunun himayəsindən birdəfəlik vaz keçməlidir”.
 
Ştaynmayerin Bakıdan nə apardığına və bizə nə bəxş etdiyinə gəlincə, Heydər Oğuzun fikrincə, o da İlham Əliyevin bu dəyərsiz təkliflə razılaşmayacağını bildirdi: “Odur ki, aldığı cavab da onun üçün sürpriz olmadı. Bununla belə, o, Bakıdan Berlinə Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Qara dəniz-Avropa əməkdaşlığı ilə bağlı güclü siqnal apardı. Azərbaycana isə “siz haqlısınız” mesajı verdi. Onun İlham Əliyevlə söhbəti zamanı  dilə gətirdiyi “Ümidvaram ki, həmin müqaviləyə əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər üzərində də razılaşma olacaq” cümləsi də əslində bizim iddialarımızla hesablaşmağın ifadəsi idi...”
 
Sultan Laçın
 
Seçilən
223
48
moderator.az

10Mənbələr