AZ

Rusiyalı hərbçilər Krivoy Roqa hücum edib: 19 nəfər həlak olub, onlarla insan yaralanıb

"Rusiyalılar beynəlxalq humanitar hüququ kobudcasına pozaraq uşaq bağçasını hədəfə alıb, bu, onların dəyişməyən simasıdır..."
 
Aprelin 4-də axşam Krivoy Roq şəhəri raket atəşinə tutulub, nəticədə son məlumatlara görə 18 nəfər həlak olub, sonra isə pilotsuz təyyarələrlə hücum baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, onlar "komanda birlikləri və qərb təlimçiləri ilə iclasın keçirildiyi yerə raket zərbəsi endirib". Ukrayna hakimiyyəti isə hücumun uşaqların oyun meydançasının yaxınlığında yerləşən yaşayış məhəlləsinə edildiyini bildirir.
 
Krivoy Roqla bağlı ilk hücum xəbərləri Moskva vaxtı ilə saat 19:00 radələrində yayılmağa başlayıb. Şəhər meri Aleksandr Vilkul yazıb ki, rusiyakl hərbçilər "uşaq meydançasının yaxınlığında  ballistik raketlə yaşayış məhəlləsinin mərkəzinə" zərbə endirib. Onun sözlərinə görə, "raket havada partlayıb və bu, daha çox insanın zərər çəkməsi üçün məqsədli şəkildə edilib".
 
Son məlumatlara görə, 18 nəfər həlak olub, onlardan yarısı uşaqlardır. Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lisak qeyd edib ki, 61 nəfər yaralanıb, onlardan 12-si uşaqlardır. "Xəstəxanalarda 40 şəhər sakini var. Qalanları ambulator müalicə alır", - o, bildirib.
 
Onun sözlərinə görə, hücumdan ən kiçik yaralanan şəxs 3 aylıqdır. O, kəsik yaraları ilə xəstəxanaya yerləşdirilib. Bundan əlavə, bir neçə çoxmərtəbəli bina da zədələnib, bu binalar beş, doqquz və on dörd mərtəbəlidir. Bəzi binalarda qaz təminatı yoxdur, Aleksandr Vilkul əlavə edib.
 
Rusiya Müdafiə Nazirliyi Krivoy Roqa zərbə endirdiklərini təsdiqləyib. Rusiya hərbi nazirliyinin nümayəndələri iddia edir ki, bu, "Krivoy Roq şəhərindəki restoranlardan birində komandir birlikləri və qərb təlimçiləri ilə iclasın keçirildiyi yerə raketlə vurulub".
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bu bəyanatı yalan olaraq qiymətləndirib və əlavə edib ki, "İsgəndər-M" raketi "yaşayış məhəlləsini və uşaq meydançasını hədəf alıb".
 
"Beynəlxalq humanitar hüquq normalarının növbəti dəfə pozulması ilə düşmən, əslində, sülhə tərəf getmədiyini, amma Ukrayna və bütün ukraynalılara qarşı işğalçı müharibəni davam etdirməyi hədəflədiyini nümayiş etdirir", - Baş Qərargahın bəyanatında bildirilir.
 
Krivoy Roqa hücum Vladimir Zelenskinin brifinqi ilə üst-üstə düşüb, çünki Krivoy Roq onun doğma şəhəridir. Brifinqin əvvəlində Zelenski bildirib: "Bu, rusiyalıların simasıdır, ümumiyyətlə, bu müharibənin əvvəlindən dəyişməyib, onlar uşaq meydançasına vurub".
 
Bundan əlavə, Ukraynanın "qırmızı xətləri" və Rusiya  tərəfi ilə birbaşa danışıqların mümkünlüyü ilə bağlı verilən suallara cavab verən prezident bildirib: :Ballistik raketlərlə necə birbaşa danışmaq olar?".
 
Gecə yarısında Krivoy Roq meri şəhərə bu dəfə pilotsuz təyyarələrlə yeni hücum edildiyini bildirib. Bu hücum nəticəsində 5 nəfər yaralanıb, 56 yaşlı bir qadın həlak olub, o, şəxsi evdə yanaraq həyatını itirib, həmin evə dron düşüb, Aleksandr Vilkul yazıb. Beləliklə, həlak olanların ümumi sayı 19 nəfərə çatıb.
 
Sergey Lisak əlavə edib ki, pilotsuz təyyarələrin hücumu nəticəsində şəhərin fərdi yaşayış sektorunda yanğınlar baş verib: evlər və infrastruktur alovlanıb. Həmçinin, "relslər və kontakt şəbəkəsi" zədələnib, Vilkul qeyd edib.
 
Moskva vaxtı ilə saat 03:00-a yaxın, o, hücumların baş verdiyi bütün yerlərdə xilasetmə işlərinin başa çatdığını bildirib. Bundan sonra Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti qeyd edib ki, pilotsuz təyyarələrin hücumu nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.
Seçilən
283
23
moderator.az

10Mənbələr