Neft qiymətləri çərşənbə günü son dörd ildən çox müddət ərzində ən aşağı səviyyəyə düşdü. Bu isə dünyanın iki nəhəng iqtisadiyyatı – ABŞ və Çin arasında artan tarif müharibəsi və artan təchizat perspektivləri ilə əlaqədar tələb narahatlıqlarından qaynaqlanır.
Banker.az xəbər verir ki, Brent fyuçersləri 2.38 dollar və ya 3.79% ucuzlaşaraq, Bakı vaxtı ilə 08:23-də bir barel üçün 60.44 dollara düşdü. ABŞ-ın WTI fyuçersləri isə 2.46 dollar və ya 4.13% azalaraq 57.12 dollar oldu. Hər iki neft markası 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəsinə çatdı.
Brentin altı aylıq spredi 79 sentə enərək, noyabr ayının ortasından bəri ən aşağı səviyyəni olub. Bu da bazarın potensial artıq təchizat vəziyyətinə keçdiyini göstərir. Spred yanvarın 15-dəki 5.69 dollar səviyyəsindən 86% azalıb. Bu rəqəm təchizatın daralması və Çində tələbin canlanacağı gözləntilərini əks etdirirdi.
Həm Brent, həm də WTI son beş ticarət sessiyasında ardıcıl ucuzlaşıb. Bu, ABŞ Prezidenti Donald Trampın əksər idxallara geniş tariflər tətbiq edəcəyini açıqlamasından sonra baş verib. Bu qərar qlobal ticarət müharibəsi qorxularını artıraraq iqtisadi artıma və yanacağa olan tələbatın azalacağı narahatlığını yaradıb.
Prezident Donald Trampın Çinə tətbiq etdiyi 104%-lik tariflər çərşənbə günü Bakı vaxtı ilə 08:01-dən qüvvəyə minib. Bu, Pekinin ABŞ mallarına tətbiq etdiyi 34%-lik cavab tariflərini çərşənbə axşamı günorta saatlarınadək ləğv etməməsi fonunda əlavə 50% tarifin tətbiq olunması ilə nəticələnib.
Pekin Trampın əlavə 50%-lik tarif təhdidinə qarşı çıxaraq bunu “ABŞ-ın şantajı” adlandırıb və təslim olmayacağını bildirib.
“Çinin aqressiv cavabı dünyanın iki ən böyük iqtisadiyyatı arasında sürətli bir razılaşma ehtimalını azaldır və bu da qlobal iqtisadi tənəzzül qorxularını artırır,” – deyə, “Rystad Energy” şirkətinin neft əmtəə bazarları üzrə vitse-prezidenti Ye Lin bildirib. “Əgər ticarət müharibəsi daha uzun müddət davam edərsə, Çinin gündəlik 50 000-dən 100 000 barelə qədər olan neft tələbi artımı təhlükə altına düşəcək. Lakin daxili istehlakı stimullaşdırmaq üçün güclü iqtisadi təşviqlər bu itkiləri azalda bilər,” – deyə o əlavə edib.
Neftin ucuzlaşmasına əlavə təsir göstərən amil isə keçən həftə OPEC+ ölkələrinin – OPEC və Rusiya da daxil olmaqla müttəfiqlərinin – may ayında gündəlik hasilatı 411 000 barel artırmaq qərarı olub (Azərbaycan da bu alyansda iştirak edir). Analitiklər bu qərarın bazarı artıq təchizat vəziyyətinə salacağını düşünür.
“Goldman Sachs” artıq Brent və WTI qiymətlərinin 2025-ci ilin dekabrına qədər müvafiq olaraq 62 və 58 dollara, 2026-cı ilin dekabrına qədər isə 55 və 51 dollara enəcəyini proqnozlaşdırır.
Neft qiymətləri aşağı düşdüyü üçün Rusiyanın ESPO Blend markalı neftinin qiyməti ilk dəfə olaraq bir barel üçün 60 dollarlıq WTI qiymət limitindən aşağı enib.