AZ

Rusiya və ABŞ arasında növbəti məhbus mübadiləsi baş tutdu - FOTO

ABŞ və Rusiya növbəti dəfə rezonans doğuran məhbus mübadiləsi həyata keçiriblər.

Bizim.Media xəbər verir ki, 10 aprel tarixində Əbu-Dabi hava limanında baş tutan bu əməliyyatın detallarını “The Wall Street Journal” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) nümayəndəsinə istinadən yayıb.

Moskva ABŞ vətəndaşı Ksenya Karelinanı azad edib. O, həm də Rusiya pasportuna sahib idi və dövlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Öz növbəsində, ABŞ Almaniya və Rusiya vətəndaşı olan Artur Petrovu Rusiyaya təhvil verib. O, 2023-cü ildə Kiprdə Vaşinqtonun istəyi ilə saxlanılmış və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını pozaraq mikroelektronika tədarükündə ittiham olunmuşdu.

Danışıqlarda yüksək səviyyəli iştirak

Amerika tərəfdən CIA direktoru Con Retkliff şəxsən danışıqlarda iştirak edib və mübadilənin keçirildiyi Əbu-Dabi hava limanında şəxsən olub.

"Bu gün Prezident Tramp Rusiyadan daha bir qanunsuz həbs olunan amerikalını evinə qaytardı. CIA əməkdaşlarının fədakarlığından qürur duyuram və BƏƏ hökumətinə minnətdarıq", – deyə o, qeyd edib.

Rusiya tərəfdən isə danışıqlarda adının açıqlanmadığı yüksəkçinli xüsusi xidmət orqanı əməkdaşı iştirak edib.

WSJ-nin məlumatına görə, Retkliff CIA rəhbəri təyin olunduqdan sonra FSB direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə bir neçə dəfə telefon danışığı aparıb. Elə bu danışıqlar nəticəsində 2024-cü ilin yayında baş tutmuş kütləvi məhbus mübadiləsi də həyata keçirilmişdi. Həmin vaxt “Wall Street Journal”ın jurnalisti Evan Gerşkoviç azad edilmişdi.

Trampın dövründə ikinci mübadilə

Bu, Donald Trampın Ağ Evə qayıdışından sonra Rusiya ilə ikinci məhbus mübadiləsidir. Fevral ayında ABŞ tərəfindən Rusiya vətəndaşı Aleksandr Vinnik azad olunaraq Moskvaya təhvil verilmişdi. O, ABŞ-da kriptovalyuta birjası vasitəsilə 4–9 milyard dollar vəsaiti yumaqda ittiham olunurdu. Eyni vaxtda Rusiya isə ABŞ-lı müəllim və keçmiş diplomat Mark Fogeli azad etmişdi.

O, ölkəyə tibbi məqsədlərlə gətirdiyi marixuana səbəbilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizim.Media

Seçilən
120
34
bizim.media

10Mənbələr