Moskva, 10 aprel, AZƏRTAC
Rusiya ilə ABŞ arasında İstanbulda yalnız ikitərəfli münasibətlərə dair danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda 4-5 saat davam edən danışıqları şərh edərkən söyləyib.
O qeyd edib ki, Rusiya XİN və ABŞ Dövlət Departamenti arasındakı əlaqələr yalnız ikitərəfli münasibətlərin nizamlanması və normallaşdırılmasına yönəlib.
“XİN və Dövlət Departamenti xətti ilə danışıqlar yalnız ikitərəfli münasibətlərin nizamlanması və normallaşdırılmasına yönəlib. Bu danışıqlarda Ukrayna münaqişəsinin nizamlanması mövzusu müzakirə olunmur”, - deyə Kreml rəsmisi vurğulayıb.
Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasının perspektivləri barədə sualı cavablandıran Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, hazırda məsələnin həlli ilə bağlı konkret zaman çərçivəsi yoxdur. Onun sözlərinə görə, tərəflər münaqişənin tezliklə bitməsində maraqlıdırlar, lakin bu, qarşılıqlı maraqlara hörmət edildiyi təqdirdə mümkündür.
“Xeyr, heç bir zaman çərçivəsi yoxdur, anlaşma var ki, hər kəs tezliklə münaqişənin nizamlanmasında maraqlıdır, ancaq tərəflərin maraqlarına hörmət edildiyi təqdirdə. Bizim üçün bu, ilk növbədə, Rusiya Federasiyasının maraqlarına hörmətdir”, - deyə D.Peskov əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva