ABŞ-nin cənubundakı Florida ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Federal Aviasiya Administrasiyası (FAA) Cessna 310 təyyarəsinin dünən yerli vaxtla saat 10:12-də Boka Raton hava limanından qalxdıqdan sonra qəzaya uğradığını təsdiqləyib. Tallahassi Beynəlxalq Hava Limanına getməyi planlaşdıran təyyarədə 3 nəfərin olduğu bildirilib. Məlumata görə, təyyarə Boka Ratonda magistral yola düşüb, avtomobilə dəyib və alovlanıb.
Qəza nəticəsində təyyarədə olan 3 nəfərin həlak olduğu, 1 nəfərin isə təyyarənin düşdüyü ərazidə yaralandığı bildirilib. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Bildirilib ki, insidentdən sonra Boka Raton hava limanı yaxınlığındakı bir neçə avtomobil yolu bağlanıb.
Boka Raton meri Scott Singer verdiyi açıqlamada qəza ilə bağlı araşdırmalara başlanıldığını bildirib. "Fikirlərimiz bu faciəvi hadisədən təsirlənən hər kəsin yanındadır",- deyən Singer fövqəladə hallara müdaxilə edənlər və səlahiyyətlilərlə sıx əməkdaşlıq etdiklərini söylədi.