Slovakiyanın baş naziri Robert Fitso Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın mayın 9-da Rusiya paytaxtına getməmək çağırışına cavab verib.
"Unikal" xəbər verir ki, o, özünün Facebook səhifəsində bildirib ki, onun mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirakına heç kim mane ola bilməz.
Slovakiya hökumətinin başçısının sözlərinə görə, o, mayın 9-da Moskvaya gedəcək.
"Xanım Kallasın xəbərdarlığı şantajdır, yoxsa Moskvadan qayıdanda cəzalandırılacağıma dair elandır? Bilmirəm, amma bilirəm ki, 1939-cu il deyil, 2025-ci ildir", - deyə Fitso bildirib.
Siyasətçi hesab edir ki, Kallasın Avropa liderlərinin Qələbə günü tədbirlərində iştirakının müsbət qarşılanmaması ilə bağlı xəbərdarlığı Avropa İttifaqında demokratiyanın mahiyyəti ilə bağlı müzakirələrin aparılmasının zəruriliyini nümayiş etdirir.
"Xanım Kallas, sizə bildirmək istərdim ki, mən suveren ölkə olan Slovakiyanın qanuni Baş naziriyəm. Heç kim mənə hara getməli və ya getməməli olduğumu deyə bilməz”, - baş nazir vurğulayıb.
O əlavə edib ki, Slovakiyanı azad edən Qırmızı Ordu əsgərlərinin xatirəsini yad etmək üçün Rusiyanın paytaxtına səfər edəcək.