Livanda peycerlərin anidən partlaması nəticəsində həlak olanların sayı 12 nəfərə yüksəlib.
Bu barədə məlumatı Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad Beyrutda mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq var.
Abyad, həmçinin qeyd edib ki, livanlı həkimlər sutka ərzində 460 cərrahi əməliyyat həyata keçirib: “300-dən çox şəxs isə reanimasiyaya yerləşdirilib, onlardan əksəriyyətinin vəziyyəti ağırdır”.
Bununla belə, o, mediada insident zamanı 4000-dən çox insanın yaralanması xəbərini təkzib edib: “Xəstəxanalara 2800 yaralı çatdırılıb”.
Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Ən son məlumatda hadisə nəticəsində 11 nəfərin öldüyü, 4 mindən çox insanın isə yaralandığı bildirilirdi.
Mənbə: qafqazinfo.az