AZ

Təyyarə qəzası: "Qardaşım Qroznıda fəhləlik edirdi"

Azərbaycan mediası yazır ki, təyyarədə olan 30-dan çox Azərbaycan vətəndaşından 15-i Balakən sakinidir.

Təyarədəki sərnişinlərdən biri - Samir Dəvrişovun bacısı Günay BBC Azərbaycancaya bildirib ki, atası da qardaşı ilə bir yerdə olub, o, qardaşı Samirin ciddi xəsarət almadığını deyir.

"Samir zəng vurdu, danışdıq. Vəziyyəti yaxşıdır. Heç nə olmayıb. Bircə qaşqasında cızıq var. Bir də gözlərinin üstündə. Dedi ki, mən yaxşıyam. Ancaq atamdan heç bir xəbər yoxdur. Samir onu nə qəza yerində, nə də xəstəxanada görüb. Azərbaycan konsulluğundan kimsə gəlib onları gördükdən sonra buraxacaqlar Samiri. Ondan sonra atamı axtaracaq", - o deyir.

Günay sonradan APA-ya deyib ki, qardaşı atasını reanimasiyada tapıb. Samirin anası Üzlüfət Dəvrişova deyib ki, səhər 9-un yarısında 20 ildi Qroznıda yaşayan böyük oğlu ilə danışanda, oğlu deyib ki, hava limanındadı, atasıyla qardaşının enməsini gözləyir: "Oğlum dedi ki, "samalyot" 3 dəfə dövrə vurdu, amma enə bilmədi".

Samir Devrişov rəngsazdır, o, Qroznıda fəhləlik edir, bacısı bildirib. Günayın sözlərinə görə, qardaşı üç ay idi ki, Qroznıdan Bakıya qayıdıbmış.

Qrozniya tez-tez gedib-gələn Dəvrişovlar ilk dəfəymiş AZAL-la uçurlarmış. Sərhədlər açıq olanda onlar yerüstü nəqliyyatla, koronavurus pandemiyasından sonra isə Rusiyanın hava yolları şirkəti ilə uçublar, - Günay BBC-yə deyib.

Təyyarədə Balakənin Qabaqçöl kəndinin bir neçə sakini olub. Kənd sakinlərindən birinin BBC Azərbaycancaya dediyinə görə, yaralılardan biri, 55 yaşlarında olan Möminət Qoqamova oğlunun yanına, Yeni ili keçirməyə gedirmiş. "Oğluna zəng edib deyib ki, sağ-salamatdır, ancaq hansı xəstəxanada olduğunu bilmirəm", - adının çəkilməsini istəməyən kənd sakini BBC-yə deyib.

"Elə şəkillərdə gördük ki, sağdır"

Qəzadan sağ çıxanlardan biri, 20 yaşlı Ayxan Bayramzadənin bibisi Şəhla Muradova deyir ki, qardaşı oğlunun vəziyyəti yaxşıdır. "Elə şəkillərdə gördük ki, sağdır. İlk dəfə minir təyyarəyə".

Şəhla Muradova deyir ki, Ayxan Bayramzadə Qroznıya işləməyə gedirmiş: "Qardaşım ordadı, ailəsi də ordadı. Quru yollar bağlı olduğundan gedib-gələ bilmirik".

Aktau yaxınlığında qəzaya uğramış Azərbaycan təyyarəsində 67 nəfər olub

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsində 5-i ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarə Bakı-Qroznı istiqamətində uçurmuş.

Sonradan rəsmilərin açıqlamasına görə, təyyarə Dumanlı hava şəraitinə görə, əvvəl Mahaçqalaya yönləndirilir, daha sonra isə Mahaçqala aeroportuna da qəbul edilmir və Qazaxıstanın Aktau aeroportuna istiqamətləndirilib.

Sosial mediada yayılan görüntülərdə təyyarənin Aktau şəhəri yaxınlığında Xəzər dənizi sahillərində yerə çırpıldığı görünür. Qəzaya uğrayan təyyarədə 30 nəfərdən çox şəxs ölsə də, 29 nəfərin sağ çıxdığı bildirilir.

Seçilən
94
bbc.com

1Mənbələr