Fransanın “Kan” klubunun azarkeşləri “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappeyə müraciət ünvanlayıblar.
Arena.az məlumat verir ki, klub azarkeşləri “Kan”ın Fransa Liqa 2-nin 17-ci turu çərçivəsində “Klermon”u qəbul etdiyi oyunda (0:1) tribunalrdan “Mbappe, “Kan” – sənin oyuncağın deyil!” yazılı lövhə asıblar.
Xatırladaq ki, Mbappe 2024-cü ildə “Kan”ın səhmlərinin nəzarət paketini alıb. Bu yaxınlarda isə onun komandanın artıq keçmiş baş məşqçisi, fransalı mütəxəssis Nikolya Sebi dəyişdiyi məlum olub.
18 komanda arasında keçirilmiş 17 turdan sonra 15 xal toplamış “Kan” Fransa Liqa 2-nin yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb ki, bu da təhlükəli bölgədir.
Əlavə edək ki, futbol klublarının fəaliyyətdə olan, vətənindən kənarda çıxış edən əcnəbi ulduz futbolçular tərəfindən satın alınması geniş yayılmış bir təcrübədir. Adətən bu yolla vergi güzəştlərinə nail olunur və maliyyə hesabatlarında müəyyən faiz udulur. Bir neçə ildən sonra isə klub satışa çıxarılaraq, alındığından daha baha qiymətə satılır və futbolçu yatırdığı sərmayəni artıqlaması ilə götürmüş olur. Bu, məsələnin şəffaf mənzərəsidir. Qara-qura “haqq-hesaba” gəlincə, klubun satınalınması vergilərdən yayınma, çırkli pulların yuyulması və s. iyrəncliklərə də xidmət edə bilər ki, buna da futbol tarixində xeyli nümunə var.