Çexiyanın “Slaviya” (Praqa) klubunun qapıçısı Antonin Kinski bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
London təmsilçisi bu transfer üçün “Slaviya”ya 16 milyon avro ödəyib. 21 yaşlı çexiyalı qolkiperlə müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Antonin Kinski peşəkar karyerasına Praqanın digər klubu “Dukla”da başlayıb. O, 2021-ci ildən “Slaviya”nın uğurları üçün çalışırdı. Çexiyalı qolkiper Praqa təmsilçisinin heyətində 30 oyuna çıxıb, 20 qol buraxıb, 14 görüşdə qapısını toxunulmaz saxlayıb. Kinski icarə əsasında “Vışkov” və “Pardubiçe” klublarında da forma geyinib.
Kinski Çexiyanın U-15, U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
