AZ

Elmar Baxşıyev narazı qaldı, üç komanda cəzalanmadı - HAKIMLƏRİN MÜHAKİMƏSİ

Qış fasiləsi ərəfəsindəki sonuncu turda da səliqə-sahman göz oxşadı. Hakimlər futbolçulara cəmi 14 sarı vərəqə göstərdi, nə meydandan qovulan oldu, nə də penalti.

Üç komanda – “Kəpəz”, “Səbail” və “Araz-Naxçıvan” turu cəzasız bitirdi. Bununla belə, naxçıvanlıların baş məşqçisi Elmar Baxşıyev narazı qaldı.

Səbail – Zirə, ELÇİN MƏSİYEV
Paytaxt təmsilçilərinin dueli qonaqların qələbəsiylə sona çatdı və bu nəticə heç kimi təəccübləndirmədi. Məyusedici məqam isə komandaların cansıxıcı oyunla yadda qalmasıdı. Onsuz da belə sakit məcrada keçən matçı idarə etmək FİFA referisi üçün çətin olmamalıydı. Sadəcə, Məsiyevin xüsusilə meydan sahiblərinin “vaxt öldürməyə” çalışmasına şərait yaratması nə “Futbol+”in reportyorunun gözündən qaçdı, nə də Rəşad Sadıqovun. “Zirə”nin baş məşqçisi 4-cü hakim Elvin Bayramova etirazını bildirdi. Ədalət təmsilçisi onu çətinliklə sakitləşdirdi. Hər halda, Sadıqovu qəzəbləndiyinə görə qınamaq olmaz. Məsiyev isə daha sərt davrana bilərdi.

Şamaxı – Sabah, CAVİD CƏLİLOV
Belə hadisəyə indiyə qədər daha çox Tovuzda şahidlik edirdik: çoxsaylı azarkeşlər oyunun əvvəlindən müxtəlif şüarlarla hakimi təzyiq altında saxlayırdı... Bu dəfə şamaxılılar eyni cür davrandı, sevimli komandalarıyla bağlı bütün qərarlardan narazı qaldılar və hakimə sözlə təzyiq göstərdilər. Halbuki Cəlilov hansısa yanlış davranışla yadda qalmadı. Komandaların aqressiv, yüksək templi və baxımlı oyun sərgiləməsinə şərait yaradan ədalət təmsilçisi işini yaxşı gördü. O, yalnız üç futbolçuya sarı vərəqə göstərdi. Cavid bəy haqda xoş sözlər deməyə dəyər. O başqa məsələ ki, “şirlər”in baş məşqçisi Ayxan Abbasov texniki zonada çox emosional davranış sərgilədi və Cavid bəyin qeyri-rəsmi xəbərdarlığıyla üzləşdi. Onsuz da mütəxəssis sırf oyunun yaratdığı gərginliyə görə özündən çıxmışdı. Cəlilov nə etsin...

Kəpəz - Sumqayıt, KAMAL UMUDLU
Turun açılış oyununda idarəçiliklə bağlı hansısa problem yaşanmadı. Baş hakimin verdiyi qərarlar doğru idi. Kamal Umudlunun və köməkçilərinin qarşılaşmanı obyektiv idarə etdiyini deyə bilərik. Referi meydan sahiblərindən heç kimi cəzalandırmadı, qonaqlardan Elvin Bədəlovla Mehdi Cənnətova sarı vərəqə göstərdi.

Turan Tovuz - Neftçi, İNQİLAB MƏMMƏDOV
Hakim idarəçiliyi ilə bağlı uzun-uzadı danışmaq lazım deyil. Oyunsonrası mətbuat konfransında da narazılıq eşitmədik. Lakin oyunun gedişində Samir Abasov hakimin bəzi qərarlarına etiraz edirdi. Bunu da mütəxəssisin hiss-həyəcanı ilə əlaqələndirmək olar. İnqilab Məmmədov onu sakitləşdirmək üçün yaxınlaşdı və hər şeyin nəzarəti altında olduğunu bildirdi.

Qarabağ – Araz-Naxçıvan, RƏVAN HƏMZƏZADƏ
Rəvan Həmzəzadə oyunboyu verdiyi qərarları “Araz-Naxçıvan” düşərgəsi xoş qarşılamadı. Xüsusən də Felippe Santosun 51-ci dəqiqədə vurduğu qolun qeydə alınmaması narazılıq doğurdu. VAR-ın incələməsindən sonra şəkili referi də monitora baxıb qolu ləvğ elədi.Baxşıyev qərara etiraz etdiyinə görə sarı vərəqə aldı, hətta mətbuat konfransında da narazılığını gizlətmədi:

“Mənim fikrim başqa cür yozulur, hakimlərin başqa cür”.

Açığı, baş məşqçinin konkret nə demək istədiyi aydın olmadı.
Seçilən
70
football-plus.az

1Mənbələr