Tələbə təqaüdləri ilbəil artır, ancaq yenə də yaşayış minimumuna çatmır. Belə olduğu halda tələbələr ya işləməli, ya da valideynlərinin onlara verdiyi xərcliklərlə yaşamağa çalışmalıdırlar. Çox zaman isə tələbə olduqları üçün işəgötürənlər onları “part-time” işə götürməkdən imtina edirlər.
Tələbələrin maddi durumunu yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?
Milli Məclisin elm və təhsil komitəsinin deputatı Elçin Mirzəbəyli AzEdu.az-a açıqlamasında bildirib ki, tələbə təqaüdlərinin minimum yaşayış həddinə çatdırılması praqmatik və doğru yanaşma olar:
“Tələbə təqaüdləri məsələsinə iki əsas kontekstdən yanaşmaq lazımdır. Birincisi, tələbələrin qismən də olsa ehtiyaclarının qarşılanması, ikincisi isə motivasiya vasitəsi kimi istifadə edilməsi. Tələbə təqaüdlərinin minimum yaşayış həddinə çatdırılması düzgün yanaşma olardı. Düzdür, bu məsələ büdcənin imkanlarından asılıdır, amma düşünürəm ki, imkan varsa, bu məsələyə baxılmalı və həll yolları araşdırılmalıdır.
Azərbaycanda təqaüdlər, indiki reallıqlara uyğun olaraq, heç vaxt tələbələrin bütün ehtiyaclarını qarşılamaq məqsədi daşımayıb. Ölkəmizdə bu tip xüsusi proqramlar mövcud deyil. Lakin, gələcəkdə bəzi universitetlər fitri istedadı olan tələbələri xüsusi proqramlar çərçivəsində qəbul edərək, onların bütün ödənişlərini qarşılayaraq təhsil almasını təmin edə bilərlər. Mənim fikrimcə, beynəlxalq təcrübəni nəzərə alaraq bu cür yanaşmalara da baxmaq mümkündür”.
Millət vəkili qeyd edib ki, şirkətlər tələbələri işə götürməlidir:
“İş sahiblərinin, xüsusilə də özəl şirkətlərin tələbələr üçün sərbəst vaxtlarında işləmək imkanı yaratmalarını vacib hesab edirəm. Təbii ki, bu, hər bir şəxsin fərdi yanaşmasından asılıdır, amma unutmaq lazım deyil ki, təhsil milli məsələdir. Bizim sahibkarlarımız da yalnız öz karlarına və maraqlarına xidmət etməməli, eyni zamanda milli hədəflərə də töhfə verməlidirlər.
Dünyanın hər yerində özəl müəssisələrin təhsilə verdiyi ciddi dəstəyə rast gəlirik. Təəssüf ki, ölkəmizdə bu cür təcrübələr çox yayılmayıb və onlara nadir hallarda rast gəlmək olur.
Tələbələr üçün iş yerlərinin təmin edilməsi və onlara bu imkanların yaradılması həm də onların mütəxəssis kimi yetişməsinə kömək edən vacib bir vasitədir. Yaxşı olardı ki, şirkətlər tələbələri ixtisaslarına uyğun işlərə cəlb etsinlər. Bu, onlara həm qazanc əldə etmək, həm təhsillərini davam etdirmək, həm də praktik təcrübə toplamaq imkanı yaradacaq”.