AZ

“Çox istərdim ki, yeni konstitusiya qəbul olunsun”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, yeni ilin ilk iş həftəsi başladı, Prezident tərəfindən “konstitusiya və suverenlik ili” adlandırılan 2025-ci ildən gözləntiləriniz nədir?

- Xalqımızı bir daha Yeni ilin başlanması münasibətilə təbrik edirəm. Çox istərdim ki, yeni ildə dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyət bölgüsünə (hakimiyyətin qanadlarının qarşılıqlı olaraq bir-birinə nəzarətini təmin edən və dövlət hakimiyyətinin həyata keçirilməsində qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans yaradan) real məzmun verən yeni konstitusiya qəbul olunsun. İnsanlarımızın yüksək həyat səviyyəsini, təhlükəsizliyini, hüquq və azadlıqlarını Qərb standartaları səviyyəsində təmin edəcək ciddi islahatlar həyata keçirilsin. Azad bazar prinsiplərinə əsaslanan güclü iqtisadiyyat, sosial ədaləti təmin edən hüquq dövləti quraq, dünyaya açılaq.

- Bu il Ermənistanla sülh sazişinin imzalanmasını mümkün sayırsınızmı?

- Öz öhdəliklərinə uyğun olaraq, Naxçıvana maneəsiz gediş-gəlişə razılıq verməyənə qədər Ermənistanla sülh sazişi imzalamamalı və həmin ölkə ilə hər hansı formada əməkdaşlıqdan imtina etməliyik. O cümlədən, sərhədlərin delimitasiya və demarkasiya olunması istiqamətində. Sülh sazişinin imzalanması Ermənistandan asılıdır. Daha doğrusu Ermənistanı yönəldən və qorxudan ölkələrdən.

- Nə sülh, nə müharibə variantı milli maraqlarımıza cavab verirmi?

- Ölkəmizin və regionun təhlükəsizliyi və inkişafı üçün bölgəyə sülh lazımdır, amma bu milli mənafelərimizdən imtina hesabına olmamalıdır. Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan sülh danışıqlarında bu məsələni əsas şərt kimi irəli sürməlidir.

Seçilən
24
publika.az

1Mənbələr