Qızıl, FED rəsmilərinin həftə sonu açıqlamalarında; ABŞ Federal Ehtiyat Sisteminin (mərkəzi bank, FED) bu il faiz dərəcələrinin aşağı salınmasına daha ehtiyatlı yanaşacağını bildirdikləri üçün ucuzlaşır.
Marja.az xəbər verir ki, FED-in San-Fransisko şöbəsinin rəhbəri Meri Deyli və FED-in İdarə Heyətinin üzvü Adriana Kuqler inflyasiya ilə bağlı narahat olduqlarını bildiriblər, yüksək inflyasiyaya son qoyulmasının və 2 faizlik hədəfə çatmağın vacibliyini vurğulayıblar. Bu açıqlamalardan sonra külçə qızılın unsiyasının qiyməti 0,3 faiz azalaraq 2631 dollaradək düşüb (Bakı vaxtı ilə saat 11:00-a olan məlumat). Qızıl faiz ödəmir, amma aşağı dərəcələr ümumiyyətlə qızılın xeyrinədir.
Ötən ay FED 2025-ci ildə edəcəyini gözlədiyi faiz endirimlərinin sayını azaldıb. FED sədri Jerome Powell bildirib ki, borclanma xərclərini azaltmaq üçün daha diqqətli olmalıdırlar. Bu, ABŞ-da monetar ekspansiya nəticəsində keçən il rekord qıran və 27 faiz bahalaşan qiymətli metal üçün maneə ola bilər.