AZ

Bir daha təyyarə qəzası və Prezidentimizin qətiyyəti haqqında

Prezident İlham Əliyev 2024-cü il dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi faciəsi ilə bağlı fikirlərini bildirməklə bir daha prinsipial və qəti mövqeyə malik liderlik xüsusiyyətlərini nümayiş etdirdi.

Dövlət başçısı ilkin versiyalara söykənərək kifayət qədər əsaslı faktlarla təyyarənin Qroznı şəhərinin yaxınlığında xaricdən zədə aldıqdan sonra idarəetməni itirməsini, radioelektron mübarizə vasitələri tərəfindən tamamilə idarəolunmaz vəziyyətə salındığını xatırlatdı. Qeyd etdi ki, birinci xətərdən sonra yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin böyük dərəcədə zədələnməsi və digər təkzibolunmaz faktlar təyyarənin, təsadüfən də olsa, Rusiya tərəfindən vurulduğunu təsdiqləyir.

Azərbaycan Prezidenti Rusiya tərəfindən təyyarəmizə atəş açılacağının ağıla gəlməz olduğunu, ancaq baş verdiyini təəssüflə qeyd edərək bütün bu olanlara rəğmən, məsuliyyətdən yayınmaq üçün qonşu ölkənin müxtəlif yayındırıcı informasiyalar yaymasını, manipulyasiya ilə məşğul olmasını bağışlanmaz hesab etdi. Rusiyanın bəzi dairələri, hətta rəsmi qurumları məqsədli şəkildə günahlarını öz üzərindən atmaq üçün qaz balonunun partlaması və digər versiyalar üzərində təkid edirdi. Bütün bunlar Rusiya tərəfinin səbəb olduğu ağır faciənin üstünü ört-basdır etmək niyyətinin əlaməti sayıla bilər.

Cənab Prezidentin vurğuladığı kimi bu cür ağılsız və məntiqsiz versiyalar üzərində baş qatmağa lüzum yox idi: “Faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.

Cənab Prezidentin bəyan etdiyi kimi bu hərəkət və əməllər heç kimə başucalığı gətirmir. Bu hadisə qəsdən törədilməsə də, terror aktı olmasa da, rəsmi Moskva günahını etiraf etmək, Azərbaycandan vaxtında üzr istəməli idi, həqiqəti boynuna almalı idi. Halbuki üç gün ərzində Rusiyada tərəfi cəfəng versiyalar üzərində manipulyasiya etməklə Azərbaycanın dövlət səbrini daşırdı, Bakıya qarşı haqsızlıq etməyə çalışırdı.

Rəsmi Bakı hər zaman dəqiqləşdirərək, təfərrüatlarını öyrənərək hansısa hadisə haqqında inadlı və iradəli mühakimə yürütdüyü kimi bu hadisədə də ən kiçik elementləri araşdıraraq Rusiyanın məntiqsiz iddialarını darmadağın etdi. “Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik”.

Göründüyü kimi Azərbaycan Prezidentinin ilk gündən kəskin mövqeyi, dəmir iradəsi və ədalətin bərpası, həqiqətin üzrə çıxarılması istiqamətində öz qəti sözünü deməsi sayəsində qarşı tərəf geri çəkilməyə, öz məsuliyyətini dərk etməyə məcbur oldu.

Azərbaycan Prezidenti öz qətiyyətli və geriçəkilməz qərarları, prinsipiallığı ilə Rusiyanın törətdiyi ağır cinayətə görə, beynəlxalq hüquqa uyğun olaraq zəruri tələbləri yerinə yetirməli olduğunu xatırladıb. Əsas tələblərdən birincisi yerinə yetirilib, Rusiya tərəfi Azərbaycandan üzr istəyib. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Azərbaycanın şərtləri aydın və eyni zamanda ədalətlidir.

Dekabrın 28-də Azərbaycanın Prezidentinə zəng edərək üzrxahlıq edən Rusiya dövlət başçısı birinci şərti qəbul etdikdən sonra, dekabrın 29-da Prezident İlham Əliyevə növbəti dəfə zəng edib. Telefon danışığı zamanı ölkə rəhbərləri “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlər müzakirə edilib. Bu zəng Rusiya dövlətinin Azərbaycanın bütün şərtlərini ardıcıllıqla yerinə yetirəcəyinə şübhə yeri qoymur.

Azərbaycanın dövlət başçısının siyasi qətiyyətindəki digər vacib məqam Rusiya tərəfinin təklif etdiyi Dövlətlərarası Aviasiya Komitəsinin ekspertlərinin qəzanın araşdırılması prosesindən kənarlaşdırılmasında idi. Qəzanın təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət qrupun işə cəlb edilməsi Azərbaycan tərəfinin əsas istəklərindən biri idi ki, bu da təmin olundu.

Prezident İlham Əliyev baş vermiş qəzadan sonra dost və qardaş ölkə Qazaxıstanın müvafiq dövlət orqanlarının operativ yardımını və dəstəyini, ələlxüsus da Prezident Tokayevin xüsusi tapşırığı əsasında hadisənin tam obyektiv araşdırılması üçün göstərdiyi fədakarlığı yüksək dəyərləndirib. Onun “Bu faciəyə baxmayaraq, əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi” sözləri bir daha türk dövlətlərinin milli həmrəyliyini, çətin sınaqlarda birgəliyini nümayiş etdirir. Bu hadisə Azərbaycan xalqının qəlbində böyük iz buraxmaqla, iki qardaş türk dövlətinin siyasi əqidəsini, dövlət mədəniyyətini, qlobal böyüklüyünü və milli ləyaqətini göstərir.

Dekabrın 26-sı tarixinin Azərbaycanda matəm elan olunması, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın vida mərasiminə qatılaraq həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı və təskinlik verməsi, dərdlərinə şərik olması xalqımızın ağır və çətin günlərində, milli kədər anlarında xalqla bir yerdə olduğunu, mübarizliyini, dəyanətini göstərdi. Bu, dövlətin ali rəhbərliyinin insanpərvərliyinin, həmrəyliyinin, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə olan dərin ehtiramın təcəssümüdür.

Təyyarə qəzasında həlak olan üç ekipaj üzvünün II Fəxri xiyabanda dəfn olunması isə bu qəhrəman vətən övladlarına verilən böyük dəyərdir. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, eləcə də Zülfiqar  Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etməsi isə xalqımızın qəhrəmanlığına verilən dəyərin növbəti təzahürdür.

Ramid Namazov,
Milli Məclisin deputatı

Seçilən
50
50
ikisahil.az

10Mənbələr