Maraqlı cavab isə ABŞ-dən olan tədqiqatçıların apardığı eksperimentdən sonra tapılıb. Alimlər, 1969-cu ildə Avstraliyada düşmüş Murchison meteoritindən nümunələr götürüblər. Bu meteorit üzvi maddələrlə zəngindir və Günəş sisteminin ilkin dövrlərində yaranan "tikinti materiallarını" özündə saxlayır. Laboratoriya şəraitində meteorit nümunələri yüksək təzyiq və temperatur altında qızdırılıb. Nəticələr göstərib ki, bu proses zamanı meteroritdən metan və molekulyar azot ifraz olunur. Temperatur 250°C-ni keçdikdə meteoritdən çıxan metan miqdarı Titanın atmosferindəki qaz səviyyəsi ilə uyğun gəlib. Bu isə alimlərə Titanın metan qazının peykin öz dərinliklərindən çıxdığını göstərib.
Əvvəllər tədqiqatçılar hesab edirdilər ki, Titanın metanı kometaların gətirdiyi buz strukturlarından - metan klatratlarından yaranıb. Lakin yeni tədqiqat bu nəzəriyyəni zəiflədir və metanın mənbəyinin peykin daxili kimyəvi proseslər olduğunu sübut edir. Alimlər həmçinin Titanın metan göllərinin yaranmasını da araşdırıblar. Onların müşahidələrinə görə, bəzi göllərin sahilləri qeyri-adi dərəcədə dikdir. Bu fakt Titanın dərinliklərindəki mayelərin buxarlanıb səthə çıxması nəticəsində kraterlərin yaranması ilə izah edilir. Daha sonra həmin kraterlər maye metanla dolaraq göllərə çevrilib.
Alimlərin gəldiyi nəticə belədir: Titanın atmosferindəki metan qazı peykin daxili proseslərinin məhsuludur. Bu kəşf gələcəkdə başqa planet və peyklərdə də həyat üçün əlverişli şəraitin ola biləcəyini göstərir. Titanın dərinliklərindən gələn qazlar, bəlkə də, kosmosda həyatın başlanğıcını anlamaq üçün açardır.