AZ

“Kəpəz”də “qan dəyişikliyi”: üçü gedir, ikisi gəlir – bəs Orxan?

“Kəpəz” premyer-liqada qalmağın yolunu heyətdə ediləcək dəyişikliklərdə görür. Belə də olmalıdı. Ona görə ki, komandanın ilk 18 turda qeydə alınan nəticələri ağla başqa çıxış yolu gətirmir.

“Football-plus.az” xəbər verir ki, bu məqsədlə hərəkətə keçən baş məşqçi Azər Bağırov sərəncamında görmək istəmədiyi futbolçulardan üçünü müəyyənləşdirib. Söhbət Redon Mihana, Viktor Braqa və Lassana Ndiayedən gedir. Əldə etdiyimiz məlumata görə, Gəncə təmsilçisi artıq Mihanayla bütün məsələlər üzrə razılıq əldə edib və yolları ayırıb. Xəbər tezliklə ictimaiyyətə açıqlanacaq. Braqa və Ndiaye ilə bağlı proses isə dalana dirənib. Daha doğrusu, klub maddi səbəblər üzündən futbolçularla razılığa gəlməkdə çətinlik çəkir.

Həmçinin “sarı-göylər” iki futbolçu axtarır. Bunlar cinah yarımmüdafiəçisi və “10 nömrə”di. Düzdü, Orxan Əliyev ikinci mövqeyə uyğundu. Lakin eniş-yoxuşlu performansı Bağırovun belə riskli dönəmdə ona şans verməsinə əngəl yaradır. Hər halda, mütəxəssis bu oyunçuyla yolları ayırmağın tərəfdarı deyil.

Xatırladaq ki, “Kəpəz” qış fasiləsinə 11 xalla 9-cu pillədə yollanıb. Gəncəlilər sonuncu “Səbail”dən 2 xal irəlidədi.

KƏNAN BAHADIR

Seçilən
36
football-plus.az

1Mənbələr