PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Super Kubokunda “Monako” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Arena.az PSJ-nin mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, çox, çox müsbət bir duyğudur. Qənimət qazanmaq həmişə sevinc mənbəyidir. 2025-ci ilə bu surətdə, demək olar ki, dolu bir stadionda, çoxlu insanların Parisi alqışladığı və stadionda parisli azarkeşlərlə başlamaq – bizə güc-qüvvət və inam verir. Ona görə də bundan yararlanmalı və gələcək haqda düşünməliyik.
Bu gün çox yüksək səviyyəli, hücumameyilli oyunçulara malik rəqibə qarşı çox çətin oyun oldu. Qarşılaşmada çox gözəl məqamlar yaşadıq, üstünlüyümüzü və müdafiədə əzab-əziyyət çəkdiyimiz anları deyirəm. Amma düşünürəm ki, sonda vurulmuş qol mübarizəsini heç vaxt dayandırmayan, hücumunu heç vaxt dayandırmayan, qaçmağını heç vaxt dayandırmayan, oyununu heç vaxt dayandırmayan, özünümüdafiədən daşınmayan komandanın haqqını verdi. Mən hesab edirəm ki, bu, çox müsbət haldır və biz bunu davam etdirməliyik”, deyə Luis Enrike vurğulayıb.
Əlavə edək ki, PSJ-nin qələbə qolunu oyunun təzminat vaxtında (90+2-ci dəqiqə), parislilərin ispan müdafiəçisi Fabian Ruisin ötürməsi ilə fransalı hücumçusu Usman Dembele vurub.
Bu, PSJ-nin ispan mütəxəssis Luis Enrikenin rəhbərliyi altında 4-cü qənimətidir. Üstəlik, PSJ son 12 ildə 11-ci dəfə Fransa Super Kubokunu qazanmağı bacarıb. Ümumilikdə, bu, PSJ-nin Fransa Super Kubokunda 13-cü zəfəridir ki, müvafiq nəticə yarışın mütləq rekordudur.