AZ

Psixoloqdan TÖVSİYƏ: "Tətildən sonra şagirdləri dərslə yükləməyin"

Şagirdlərin yeni dərs ilində yaşadığı problemlərdən biri də tətildən sonra dərsə adaptasiya olunmalarıdır. Belə ki, onlar tətil zamanı bütün günü valideynləri ilə birlikdə olmağın verdiyi rahatlıq və əyləncə hissindən ayrılmaq istəməyə bilirlər.

 

Nəzərə almaq lazımdır ki, böyüklər üçün tətildən sonra işləmək çətin olduğu kimi, uşaqlar üçün də məktəbə qayıtmaq çətindir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, tətildən sonra dərsə adaptasiya olmaq müəyyən zaman ala bilir:

 

“Ümumiyyətlə tətildən sonra istər dərsə və ya işə qayıtmaq, həm şagirdlər, həm də böyüklər üçün çətin olur. Yəni adaptasiya müddəti müəyyən zaman ala bilir. Belə ki, böyüklərə tövsiyə edərdim ki, tətildən sonra işə qayıdırsınızsa mütləq otağınızın dekorunda, stulunuzun üzərində ən çox istifadə etdiyiniz əşyaların bir qismini yeniləyin.

 

Tətilin artıq son günlərində istər böyüklər, istərsə də uşaqlar qidaya və yuxu rejiminə diqqət etməlidirlər. Hazırda qış mövsümündəyik. Müəyyən vitamin, mineral maddələrin azaldığı halları ilə qarşılaşa bilərik. Bu da öz növbəsində insanın yuxusuna, əsəb sisteminə təsir etmiş olacaqdır. Lakin tətilin bitməsinə az qalmış günlərdə yüngül qida yemək daha çox meyvə-tərəvəzdən istifadə etmək faydalıdır.

 

Eyni zamanda günlük yuxu rejiminə uyğun olaraq yuxunu 8 saatadək artırmaq lazımdır. Çünki tətil müddətində isər-istəməz insanlar küçədə daha çox vaxt keçirib evə gec qayıdırlar. Belə olan halda da yuxu sistemi pozulur. Yuxu sistemi pozulanda nə baş verir? Artıq səhərlər yuxudan oyanmaq çətinləşir”.

 

Psixoloqun sözlərinə görə, bayramdan sonra şagirdləri dərslərlə çox yormaq düzgün deyil:

 

“Şagirdlər tətilin bitməsinə son iki gün qalmış müəyyən tapşırıqlar həll etməlidirlər ki, artıq beyin dərsə hazırlıq mərhələsinə köklənə bilsin. İlk gün uşaqları çox yormaq olmaz. Bəzən müəllimlər bayramdan qayıdan kimi uşaqlara çox yüklənirlər. Belə ki, onların ev tapşırıqlarını ciddi şəkildə yoxlayıb daha çoxunu verirlər. Bu isə şagirdin bezməsinə və dərsin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də çalışmaq lazımdır ki, ilk gündən şagirdlərə yüklənməyək. Daha çox uşaqlara əylənərək öyrədilən mövzuları keçmək lazımdır. Bundan sonra get-gedə tapşırıqların sayını artrmaq olar. Yəni ilk gündən şagirdlərə tapşırıqlarla yükləmək doğru deyil”.

Seçilən
34
azedu.az

1Mənbələr