2024-cü il Azərbaycan ücün qlobal proseslərin cərəyan etdiyi bir mühitdə, siyasi balansını qoruyub saxladığı, mütəqil siyasətini uğurla həyata keçirdiyi bir il kimi tarixə düşdü. Yaxın Şərqdə, Şimalda baş verən münagişələr və müharibələr, Qərbin həyata keçirdiyi siyasi oyunlar zamanı belə Azərbaycanın balanslı siyasəti inkişaf tempini saxladı, yeni perspektivlər, münasibətlər və reinteqrasiya imkanları qazandı.
Azərbaycana edilən hibrid təhdidlər və milli maraqlara qarşı təzyiqlər cənab Prezidentin qətiyyətli siyasəti ilə iflasa uğradı. Bu il neokolonizmə etiraz, Qərbin demokratiya və insan haqları iddialarını ifşa etməsi, az inkişaf etmiş ölkələrə dəstəyi dövlətimizin siyasi qələbələrindən biri kimi də qiymətləndirilə bilər.
2024-cü ilin yadda qalan hadisələrindən biri “Zəfər seçkiləri” adıyla tarixə düşən prezident və parlament seçkiləri oldu. Ərazi bütövlüyü və suverenliyin bərpasından sonra keçirilən bu seçkilər konstitusiya quruluşunun təminatı kimi qiymətləndirildi.
Azərbaycan il ərzində 130 beynəlxalq tədbirə ev sahibliyi etdi. Bunlardan 27-si siyasi, 24-ü iqtisadiyyat, 41-i elm-təhsil və mədəniyyət, 19-u ekologiya, 12-si idman, 7-si səhiyyə sahələrini özündə ehtiva edir. Bu tədbirlərin çoxunda Prezident şəxsən iştirak etdi. Ən vacibi isə COP29 iqlim sammiti oldu, Azərbaycanın beynəlxalq arenada yeni bir qələbəsi kimi yadda qaldı.
COP29-da iqlim maliyyələşdirilməsi ilə bağlı tarixi razılıqlar əldə edildi. İnkişaf etmiş ölkələrə illik 1,3 trilyon dollar maliyyələşdirilmə öhdəliyini nəzərdə tutan Baki Maliyyə Məqsədi qəbul edildi. Bu razılıq, 2035-ci ilə qədər 300 milyard dolları hər il inkişafda olan ölkələrə ayırmağı öhdəlik kimi ortaya qoydu. COP29-da uğurlardan biri Paris Sazişinin 6-cı maddəsinin həyata keçməsi oldu. Eyni zamanda İtki və Zərər Fondu tam şəkildə işlək hala gətirildi. Azərbaycan, İslam dövlətlərinə və kiçik ada ölkələrinə olan iqlim yardımlarında prioritet vəziyyətini qorudu. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin çox böyük nailiyyətlərindən biridir.
Şuşada keçirilən 2-ci Qlobal Media Forumu, dezinformasiya ilə mübarizəni çıxışların mərkəzinə qoydu. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında “Qarabağ Bəyannaməsi” imzalandı.
Azərbaycan Prezidenti İlham Əliyevin il ərzində iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərlərdə olması çoxtərəfi xarici siyasəti reallaşdırdı.
Bu səfərlər zamanı Azərbaycan ilə müvafiq dövlətlər arasında siyasi, iqtisadi-ticari, kommunikasiyalar, mədəniyyət, elm-təhsil və digər sahələrə aid mühüm sənədlər imzalanıb, Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar və ölkəmizin geosiyasi rolu məsələləri müzakirə olunub. Azərbaycan Prezidentinə Kazan şəhərində Tatarıstanın ali dövlət mükafatı olan “Dostluq” ordeni, Bişkekdə isə “Çingiz Aytmatov” ordeni təqdim olunub. Bu mükafatlar dövlətimizin başçısının beynəlxalq əlaqələrdəki uğurlarının və regionlararası əməkdaşlığa, mədəniyyətlərarası dialoqun inkişafına, humanist dəyərlərin təbliğinə verdiyi töhfələrin əyani təsdiqi, beynəlxalq səviyyədə böyük hörmətin və ehtiramın ifadəsidir.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.
Xarici sərmayələrin ölkəmizə, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Ənənəvi sənaye mərkəzlərimizdə, sənaye parklarımızda yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni Sənaye Parkları yaradılıb. Yeni müəssisələrin açılışı isə yeni iş yerləri deməkdir.
Azərbaycan güclü siyasi lideri ilə müstəqil dövlətçilik ənənələrini milli maraqlardan çıxış edərək ən yüksək səviyyəyə qaldırmış, regionda söz sahibi olmuşdur. Artıq 2025-ci ilin ilk günlərini yaşayırıq. Qarşıda ciddi hədəflər ölkəmizin müstəqil, suveren ölkə kimi inkişafına hesablanıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” kimi qəbul olunması da bunu təsdiq edir.
Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyirik. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü ləyaqətlə qeyd edəcək, uğurlara yeni uğurlar qatacağıq.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı