Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
"Xəzərdə nadir balıq növlərindən olan nərə balıqları da mövcuddur. Akademik Məmməd Salmanov yazır ki, nərə balıqları 70-80 ci illərə qədər Kür çayı ilə Anadoluya qədər gedib çıxırdılar:
"Kürü vermək üçün balıqlar şirin suya daxil olmalıdır. Onlar kürü verdikdən sonra dənizə geri qayıdırdı.Təəssüf ki, su elektrik stansiyalarının, körpülərin tikintisi, Kür və Arazda çox sayda torların qurulması və.s balıqların nəslinin tükənməsinə səbəb oldu. Xüsusilə balıqların kürü verdiyi zamanda edilən ovlar bu gün baş verən hadisələrə zəmin yaratdı. Balıqların Xəzər dənizində sayı 4-5 dəfə azalıb. Növlər azalıb, bir çox növlər sıradan çıxmaq üzərədir".
Ekoloq bildirib ki, Xəzərə kanalizasiya, məişət, sənayedə çirklənmiş suların, neft-qaz hasilatı zamanı alınan çirklənmiş maddələrin axıdılması, neftin dağılması balıqların sayının azalmasına əsas səbəbdir:
"Balıqlar kütləvi şəkildə Azərbaycan sahillərindəb uzaqlaşıblar. Kürü vermək üçün də Kür çayına keçmək mümkün deyil. Balıq ovlanması üçün qanunvericilikdə xüsusi qaydalar var. Sənaye üçün ovlanmağa görə lisenziya lazımdır. Bu barədə lisenziyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir. Həvəskar insanlar isə 1 kiloqrama qədər balıq ovlaya bilərlər. Gün ərzində 5 kiloqramdan artıq balıq ovlamağa görə müəyyən cərimələr tətbiq edilə bilər. Təəssüf ki, bunlara əməl edilmir. İnsanlar kütləvi şəkildə ov üçün torlardan istifadə edirlər".
Əfsanə Kamal
Demokrat.az