Tofiq Abbasov: “Ermənistanda nəsillər dəyişir, amma məfkurə, düşüncə dəyişilmir”
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Yeni ilin ilk günlərindən etibarən Ermənistanın ordumuzun mövqelərini atəşə tutması rəsmi İrəvanın hələ də revanşist niyyətindən əl çəkmədiyinin göstəricisi sayıla bilərmi?
Moderator.az-a aşıqlama verən politoloq Tofiq Abbasov Ermənistanda nəsillərin dəyişməsinə baxmayaraq, düşüncə tərzinin dəyişilmədiyinə diqqət çəkib:
“Ermənistan öz davranışında hər hansı dəyişiklik etmək niyyətində deyil. Azərbaycan sülh mövqeyini ortaya qoyub, bu istiqamətdə ciddi addımlar atıb. Amma sülhün bərqərar olamsı üçün Ermənistanın da müəyyən addımlar atmasına ehtiyac var. Biz Ermənistanın yerinə, onun əvəzinə bunları edə bilmərik.
Baxın, bugünlrədə Ermənistanın sabiq prezidenti Petrosyanın müsahibəsi yayılıb. O, öz müsahibəsində açıq şəkildə qeyd edir ki, biz Qarabağı və Ermənistanı azərbaycanlılardan təmizləmişik və bu bizim strateji uğurumuzdur. Bu fakt bir daha sübut edir ki, Ermənistanda nəsillər dəyişir, amma məfkurə, düşüncə dəyişilmir. Onlar bundan sonra nifrət və barbarlıq siyasətinə sadiq qalacaqlar”.
Seymur ƏLİYEV