Bakı, TurkicWorld
Konqo Demokratik Respublikasında son bir həftə ərzində 102 nəfər edam edilib, daha 70 nəfər edama məhkum edilib.
TurkicWorld xəbər verir ki, Ədliyyə naziri Konstant Mutamba bildirib ki, edam olunanların hamısı silahlı soyğunçular və "şəhər quldurları" olub.
O, dekabrın sonunda 45, son 48 saatda isə 57 nəfərin edam edildiyini açıqlayıb.
Edamlar ölkənin şimal-qərbindəki Angenqa həbsxanasında həyata keçirilib. Daha 70 nəfər edam üçün Angenqaya göndərilib.
Belə ki, Konqoda "Kuluna" kimi tanınan cinayət dəstələri uzun müddətdir ki, şəhərlərdə qorxu yaradır. Şimal bölgəsində yaşayan Fiston Kakule edamların təhlükəsizliyə müsbət təsir göstərəcəyinə inanır.
Lakin hüquq müdafiəçiləri, o cümlədən Espoir Muhinuka, edamların qanuni proseslərə uyğun keçirilməməsindən narahatdır.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında 2003-cü ildən bəri ölüm hökmü icra olunmurdu. Lakin hökumət 2024-cü ilin martından etibarən bu cəzanın icrasını bərpa edib.
Ölkədə dövlətə xəyanətdə ittiham olunan hərbçilər üçün ölüm cəzası geri qaytarılıb. May və iyul aylarında bir neçə hərbçi ölümə məhkum edilsə də, cəzaları icra olunmamışdı.
Onu da qeyd edək ki, Konqo Demokratik Respublikası əvvəllər Belçika müstəmləkəsi olub və 1971-1997-ci illərdə Zaire adlanırdı. Digər Konqo bölgələri isə Fransa və Portuqaliya təsirində olub. Hazırda bu bölgələr Konqo Respublikası və Anqola kimi tanınır.