AZ

“SOCAR Türkiyə” beşillik strateji hədəflərini açıqlayıb - səmərəli xidmət, dayanıqlılıq və gələcəyin enerjisi

İstanbul, 6 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyədə yanacağın, xam neftin, aviasiya və dəniz yanacaqlarının topdan və pərakəndə satışı üzrə fəaliyyət göstərən “SOCAR Petrol Ticarət” bu qurum tərəfindən idarə olunan 14, dilerlər tərəfindən idarə olunan 129 yanacaqdoldurma məntəqəsi ilə istehlakçılara xidmət göstərir. Bunlardan səkkizi İstanbulun yeni hava limanında, ikisi Şimali Mərmərə şossesində, ikisi İzmirin Əliağa rayonunda, biri Kocaeli şəhərinin Şekerpınar qəsəbəsində, biri isə Yalova şəhəri RO-RO Gömrük Terminalında yerləşir.

AZƏRTAC xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin 2024-cü ildəki fəaliyyəti və qarşıdakı həədəflərinə dair keçirilən mətbuat konfransında baş icraçı direktor Elçin İbadov bildirib.

“SOCAR Türkiyə” qrupuna daxil olan şirkətlər barədə geniş məlumatın təqdim olunduğu mətbuat konfransında bildirilib ki, neft məhsulları və mayeləşdirilmiş neft qazının çənlərdə saxlanması, quru və dəniz tankerlərinə doldurulması, dəniz tankerlərindən çənlərə axıdılması kimi fəaliyyətləri həyata keçirən “SOCAR Depolama” Egey bölgəsinin ən böyük saxlanc terminalı və Türkiyənin 5 ən böyük saxlanc terminalından biridir. Bölgədə yanacaq və LPG-nin eyni yerdə işləndiyi yeganə saxlanc olan şirkət 530 min kubmetr yanacaq məhsulları və 45 min kubmetr LPG saxlama qabiliyyətinə malikdir.

2019-cu ilin dekabr ayında yaradılmış “SOCAR Ar-İn ve İnnovasiya A.Ş.” mərkəzi 1200 kvadratmetr ərazini əhatə edir və reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biotexnologiya, kimyəvi analiz və xromatoqrafiya sahələrində xidmət göstərən 6 laboratoriyaya malikdir. “SOCAR Ar-İn” Aİ tərəfindən dəstəklənən 6 layihə üçün (HORIZONEUROPE) 1,3 milyon ABŞ dolları və 3 milli layihə üçün (TÜBİTAK) 560 min ABŞ dolları məbləğində qrant dəstəyi alıb.

“SCR Müşavirlik ve İnşaat A.Ş.” Emal və Neft-Kimya Biznes Vahidi çərçivəsində olanlar istisna olmaqla, “SOCAR Türkiyə” daxilindəki bütün şirkətlərin inzibati təşkilati işləri çərçivəsində layihələndirmə, geniş təmir və tikinti proseslərinin həyata keçirilməsi və nəzarəti, “SOCAR Türkiyə” Xüsusi Sənaye Zonasında bütün daşınmaz əmlakların idarə edilməsi prosesləri və bütün inzibati və sənaye tikililərinin lisenziya və icazələri kimi fəaliyyətləri həyata keçirir.

Şirkətin həyata keçirdiyi mühüm layihələr arasında Vadi İstanbul SOCAR Plaza, “SOCAR Türkiyə” Əliağa İdarəetmə Binası, SOCAR İnformasiya və Sənəd Dövriyyəsi Mərkəzi, SOCAR Ankara Ofisi, Radisson İzmir Aliağa Oteli və Petkim yeməkxanası var.

Elçin İbadovun sözlərinə görə, 2019-cu ildə Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin alınması ilə fəaliyyətə başlamış “SOCAR Türkiyə” Təbii Qaz Biznes Vahidi bundan sonra “Bursagaz” və “Kayserigaz” paylayıcı şirkətlərin səhmlərinin 80 faizi, “SOCAR Enerji Ticarət A.Ş.” adlanan qaz və enerjinin topdan satış və ticarət şirkəti (100 faiz mülkiyyət) aktivləri ilə “SOCAR Türkiyə” çətiri altına keçib.

Türkiyəyə alternativ mənbədən qaz gətirən tək özəl sektor subyekti olan “SOCAR Türkiyə” aktivləri olmayan enerji şirkətləri arasında 350 MW-dan çox satış və ticarət həcmi ilə önə çıxır. 2023-cü ildən etibarən, enerji ticarətinin əhatə dairəsi ənənəvi məhsullardan kənara çıxaraq, Gürcüstan və Bolqarıstan tərəfdaşları ilə sərhədli ticarət fəaliyyətləri ilə genişlənib.

2019-cu ildə yaradılmış “SOCAR Türkiyə” Təbii Qaz İnvestisiya Qaz Yatırım A.Ş. qaz idxalı, qaz və elektrik enerjisinin topdan satışı və qazpaylayıcı biznes sahəsində fəaliyyət göstərir.

Baş icraçı direktor bildirib ki, “SOCAR Enerji Ticarət” elektrik və qazın topdan satışı bazarında Türkiyənin ən böyük özəl sektor oyunçularından biridir. 2023-cü ildə elektrik enerjisinin ümumi ticarət və satış həcmi 21,2 terawatt saata çatıb. 2024-cü il yanvar-sentyabr statistikasına görə elektrik və qaz seqmentlərinin ümumi ticarət və satış həcmi 14 terawatt saata yüksəlib. “SOCAR Enerji Ticarət” 2021-ci ildən etibarən yaşıl xidmətlər və məhsullar təqdim etməkdədir. Bu məqsədlə 2021-ci ildən bəri karbonsuzlaşma strategiyasına uyğun olaraq, bərpaolunan enerji sertifikatlarının verilməsi yolu ilə ümumilikdə 1.4 TWh güc satışı həyata keçirilib.

Mətbuat konfransında “SOCAR Türkiyə” şirkətlər qrupuna daxil Liman Əməliyyatları (SOCAR Terminal və Petlim), Türkiyədə telekommunikasiya şirkətləri və müəssisələrinə əsas şəbəkə xidmətləri təqdim etmək üçün dizayn edilən “SOCAR Fiber”, şirkətin daxili sığorta brokeri olaraq təsis edilən “SOCAR Broker”, “SOCAR Gəmi Agentliyi” kimi layihələr haqqında da məlumat verilib.

Sonra şirkətin beşillik strateji hədəfləri barədə danışan baş icraçı direktor qeyd edib ki, bunlara yüksəksəviyyəli inteqrasiyaolunmuş emal və neft-kimya şirkəti olmaq, təbii qaz və elektrik təchizatında fasiləsiz və səmərəli xidməti təmin etmək, korporativ dəyəri artırmaq, dəyər yaratmağa davam etmək, dayanıqlılıq və gələcəyin enerjisi ilə böyümək daxildir.

 

Seçilən
23
azertag.az

1Mənbələr